RU

Kristiano Ronaldo mövsümü 3 fərdi mükafatla başa vurdu

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu, veteran hücumçu Kristiano Ronaldo 2024/2025-ci illər mövsümünü 3 fərdi mükafatla başa vurub.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Mövsüm ərzində Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 30 oyunda meydana çıxıb, 15 dəfə oyunların ən yaxşı oyunçusu seçilib. “Kriş” 25 qol vurub və yarışın ən sərrast qolçusu olub.

Üstəlik, veteran hücumçu yarışın 27-ci turunun “Ər-Riyad”la oyununda (2:1) azarkeşlərin rəyinə görə ən gözəl qola imza atıb.

Xatırladaq ki, “Əl-Nəsr” mövsümü bürünc medalçı olaraq başa vurub. “Əl-Hilal” 2-ci yeri tutub, “Əl-İttihad” isə çempionluğu bayram edib.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Избранный
46
3
arena.az

10Источники