Bölgələrdə müəllim çatışmazlığı uzun illərdir ki, təhsil sahəsinin ən ciddi problemlərindən biridir. Xüsusilə kənd və ucqar ərazilərdə müəllim sayının yetərsizliyi həm təhsil keyfiyyətinə, həm də bölgələrin sosial inkişafına mənfi təsir göstərir. Maraqlıdır ki, MİQ imtahanlarından yüksək bal toplayan müəllimlər arasında işğaldan azad olunmuş rayonlar Xankəndi, Şuşa və ətraf ərazilər xüsusi seçim kimi diqqət çəkir. Bəs nə üçün digər bölgələr deyil, məhz bu ərazilər müəllimlər tərəfindən üstünlük təşkil edir? Onların seçiminin səbəbləri nədir?
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyir ki, ölkəmizin kənd və ucqar rayonlarında müəllim çatışmazlığının bir neçə əsas səbəbi var:
“Əvvəla, bu ərazilərdə sosial və iqtisadi şərait şəhərlərə nisbətən aşağıdır. Müəllimlər üçün yaşam şəraiti, yaşayış imkanları, sosial infrastruktur hələ də kifayət qədər yaxşı inkişaf etməyib. Bu isə onları daha çox şəhər və inkişaf etmiş rayonlara yönəldir. Digər tərəfdən, bəzi kənd məktəblərində tədris üçün zəruri olan şərait, texniki avadanlıqlar və dərslik təminatı kimi məsələlərdə problemlər mövcuddur. Nəticədə, müəllimlər burada işləməkdə maraqlı olmurlar və vakansiyalar dolmur. Bu da bölgələrdə təhsil keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İşğaldan azad olunmuş rayonlar müəllimlər üçün yeni üfüqlər açır. Ona görə MİQ imtahanlarından yüksək nəticə göstərən müəllimlər arasında bu bölgələrə getmək istəyənlərin sayı az deyil. Bu trendin əsas səbəblərinə gəlincə, ilk sırada vətənpərvərlik və sosial məsuliyyət hissi dayanır. Bu ərazilərin yenidən qurulması, təhsilin bərpası və gənc nəslin formalaşması müəllimlər üçün böyük vətənpərvərlik missiyasıdır. Onlar burada işləməklə həm dövlətə, həm də cəmiyyətə xidmət etdiklərini düşünürlər. Bundan başqa, dövlət dəstəyi və sosial güzəştlər də müəllimlər üçün əlavə stimuldur. İşğaldan azad olunmuş bölgələrdə müəllimlərə xüsusi əlavə imtiyazlar, mənzil təminatı və digər sosial dəstək paketləri təklif edilir. Bu da bu rayonlarda çalışmaq üçün əlavə stimul yaradır. Digər tərəfdən, karyera və peşəkar inkişaf imkanları həmin ərazilərdə daha yüksəkdir: Yeni yaradılan məktəblərdə müəllimlər daha çox məsuliyyət və təşəbbüs imkanlarına malik olur, bununla da onların peşəkar bacarıqları inkişaf edir. Bu bölgələrdə sosial və təhsil infrastrukturu yenidən qurulur, bu da müəllimlər üçün daha yaxşı iş şəraiti və yaşayış təmin edir. Bu baxımdan yüksək bal toplamış müəllimlərin işğaldan azad olunmuş bölgələrdə çalışmaq arzusuna normal yanaşmaq lazımdır”.
Onun fikrincə, gələcəkdə bölgələrdə müəllim çatışmazlığının aradan qaldırılması üçün sosial dəstək paketlərinin genişləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və peşəkar inkişaf imkanlarının artırılması vacibdir. Bu addımlar Azərbaycanın hər bir bölgəsində keyfiyyətli təhsil təmin etməyə, ölkənin sosial-iqtisadi inkişafına öz müsbət töhfəsini verəcək:
“Uzun illərdir ki, biz aşağı bal toplayan müəllimləri regionlara, kəndlərə işləmək üçün göndəririk. Daha yüksək bal toplayanları isə şəhərlərə işə qəbul edirik. Təbii ki, şəhər məktəblərində fəaliyyət göstərmək istəyənlərin sayı daha çoxdur. Bu həm repetitorluğun şəhərlərdə daha geniş yayılması, həm də regionlarda müəllimlərin qalması üçün lazımi şəraitin olmaması ilə bağlıdır. Bunun da təbii ki, həm obyektiv, həm də subyektiv səbəbləri var. Regionla şəhər arasında balansı qoruyub-saxlamaq və yaxud fərqi aradan qaldırmaq üçün regionlarda işləyən müəllimlərin maaşlarına müəyyən faizlər əlavə olunmalıdır. Bu praktika bir sıra ölkələrdə var. Bir çox ölkədə kənd məktəblərində fəaliyyət göstərən müəllimləri rəğbətləndirmək üçün maaşlarına əlavələr edilir. Bununla bağlı sosial-məişət tədbirləri həyata keçirilir. Hazırda Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Müəllimlər həmin qərarı H1 və H2 adıyla tanıyırlar. Belə ki, kənd yerlərində rayon mərkəzindən 20 kilometr məsafəsi olanlara 90 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə isə 100 manat vəsait ayrılır. Bu 3 il müddətində verilir. Əgər 35 yaşına qədər həmin müəllim fəaliyyətinə davam etdirərsə, 2 il daha bu məvacibi ala bilir. Hər bir müəllim bundan yalnız bir dəfə istifadə edə bilər. Amma əvvəl belə deyildi".
E.Qafarov söyləyir ki, həmin müəllimlər üçün ayrılan 90-100 manat onların tələbatlarını ödəmir:
“Yaxşı olardı ki, 35 yaşı tamam olandan sonra da müəllimlər bundan istifadə edə bilsinlər. Eyni zamanda kənd yerlərində çalışan məktəb rəhbərləri üçün də bu əlavələr nəzərdə tutulmalıdır. Hazırda verilən 90-100 manat tələbatı ödəmir. Hesab edirəm ki, bu rəqəmin ən azı üç dəfə qaldırılması müəllimlərin üçün bir motivasiya olardı”.
Təhsil eksperti Məzahir Məmmədli də bizimlə söhbətində işğaldan azad olunmuş rayonlarda müəllimlərin işləmək istəyinə toxunaraq bildirir ki, burada konkret səbəblər var:
“Uzun illərin həsrəti olan bu torpaqlarda müəllimlər üçün təkcə peşəkar fəaliyyət imkanları yaranmır, həm də özünü daha tez sübut etmək, karyerasını inkişaf etdirmək şansı doğulur. İşğaldan azad olunmuş ərazilərdə gələcək həyatını qurmaq, ailə həyatı qurmaq, orada yaşamaq arzusunda olanlar üçün bu, həm də şəxsi və sosial reallaşma meydanıdır. Düşünürəm, bu meyil daha çox regionlardan olan insanlarda müşahidə olunur, çünki onlar öz kökləri ilə bağlılıq hiss edir, vətənə xidmət etməyi və həmin yerlərdə yenidən həyat yaratmağı özlərinin şərəf işi sayırlar”.