RU

“Azəriqaz” və BƏƏ şirkəti arasında 480 milyon dollarlıq müqavilə imzalanıb  

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) və BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti arasında “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz” İB-nin göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.

Layihə 2,5 milyon “ağıllı sayğac”ın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, “ağıllı təzyiq” və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların “hökumət buludu”nda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.

İstehlakçılar daha dəqiq hesablama, real vaxt rejimində istifadə monitorinqi, problemlərin sürətli həlli, uzaqdan xidmət və rəqəmsal platformalar vasitəsilə istehlak məlumatlarına asan çıxış kimi üstünlüklər əldə edəcəklər.

Qeyd edək ki, ötən il Bakıda keçirilən COP29 çərçivəsində SOCAR ilə “Esyasoft Holding” LTD arasında imzalanmış əməkdaşlıq sazişinin davamı olan bu müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və “Esyasoft Holding” LTD-nin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.

Избранный
17
20
azerbaijan-news.az

10Источники