RU

Ələt Azad İqtisadi Zonasının səsi Tokiodan gəlir

Bu gün dünya sənayesi sürətlə dəyişir, texnologiya və innovasiyalar istehsal sahəsini köklü şəkildə yenidən formalaşdırır. Rəqabətədavamlı olmaq üçün ölkələr təkcə məhsul istehsal etmir, eyni zamanda "ağıllı texnologiya"lar tətbiq edir və qlobal sənaye şəbəkələrində fəal rol oynamağa çalışırlar. 

Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan Ələt Azad İqtisadi Zonası (ƏAİZ) məhz bu məqsədlə yaradılıb - regionun rəqəmsal, ixracyönümlü və "yaşıl sənaye" mərkəzinə çevrilmək üçün. Həmin hədəflərə doğru inamla irəliləyən ƏAİZ artıq öz imkanlarını dünya arenasında nümayiş etdirmək mərhələsinə qədəm qoyur. Bu baxımdan ƏAİZ-in "Manufacturing World Tokyo 2025" kimi nüfuzlu bir sənaye sərgisində iştirakı Azərbaycanın qlobal iqtisadi arenada iddialı mövqeyinin bariz göstəricisidir. 

Sərgi çərçivəsində azad iqtisadi zonanın nümayəndələri Yaponiya, Koreya Respublikası, Çin, Hindistan və digər ölkələrdən olan şirkətlərlə görüşlər keçiriblər. ƏAİZ-də investisiya imkanları, o cümlədən unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, istifadəyə hazır sənaye torpaq sahələri barədə ətraflı məlumat təqdim edilib. Görüşlər faydalı keçib, emal sənayesi də daxil olmaqla bir sıra strateji sahələr üzrə gələcək əməkdaşlıq üçün real imkanlar formalaşıb.

Məlumat üçün bildirək ki, "Manufacturing World Tokyo" sərgisi Yaponiyada sənaye və istehsal sahəsinə həsr olunmuş ən genişmiqyaslı beynəlxalq tədbir olaraq bu sahədəki son yenilikləri bir araya gətirir. Sərgi 37 ildən çoxdur keçirilir və hər il iyul ayında "Tokyo Big Sight", yaxud "Makuhari Messe" məkanlarında təşkil olunur. "Manufacturing World Tokyo 2025" "Makuhari Messe" sərgi mərkəzində baş tutub. İstehsal, dizayn və tədqiqat inkişaf mühəndislərinin, satınalma və təchizat menecerlərinin, IT və DX mütəxəssislərinin işitirak etdiyi Tokio sərgisində əsasən mexaniki komponentlər və texnologiyalar, dizayn, tibbi cihazların inkişafı, zavod avadanlıqları və ölçmə, sınaq və sensor texnologiyaları, süni zəka, elektron istehsal xidmətləri, sənaye kibertəhlükəsizliyi nümayiş olunur.

 "Manufacturing World Tokyo" sərgisi texnologiyaların nümayişi ilə yanaşı, düşüncə və biliklərin paylaşım platforması kimi də diqqət çəkir. Burada süni intellektdən tutmuş "ağıllı fabrik"lər, robotlaşdırma, kibertəhlükəsizlik, 3D çap və ağıllı texniki xidmət kimi mövzular müzakirə olunur. Üç gün ərzində keçirilən 100-dən çox seminar və təqdimat, iştirakçılara ən son trendləri birbaşa ekspertlərin dilindən eşitmək imkanı verir. "Manufacturing World Tokyo 2025" sərgisində nəzərdə tutulan sessiyaların təxminən 30-u beynəlxalq auditoriyanı nəzərə alaraq sinxron tərcümə ilə keçirilirdi.

Belə bir yüksək texnoloji platformada iştirak etmək Azərbaycanın sənayeləşmə yolunda atdığı strateji addımların təqdim olunması baxımından mühüm fürsət idi. Sərginin gündəmində olan bütün müasir tendensiyalar fonunda ƏAİZ-in təqdimatı iştirakçılar arasında maraq doğurdu. Çünki Ələt Azad İqtisadi Zonası Bakı Dəniz Limanı magistral yollar və dəmir yolu xəttinin kəsişməsində yerləşməklə artıq hazır və inkişaf etməkdə olan multimodal daşımalar üçün də əlverişli şəraitə malikdir. Zonanın əsas üstünlüklərindən biri də onun güclü nəqliyyat və logistika bağlantılarıdır. Ələtin yaxınlığında tikintisi davam edən yeni yük hava limanı bu imkanları daha da genişləndirəcək və bölgəni Orta dəhliz üzərində yerləşən mühüm bir logistika qovşağına çevirəcək. Bu da investorlar və istehsalçılar üçün məhsulların daha sürətli və səmərəli şəkildə regional və qlobal bazarlara çıxarılmasını təmin edəcək. 

Ona görə də qurum beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyə davam edir və ixracyönümlü istehsalatla məşğul olan şirkətləri yeni və perspektivli bazarlara çıxış üçün təqdim olunan imkanlarla tanış olmağa dəvət edir. Bu mənada ƏAİZ-in Yaponiyanın iri sənaye və texnologiya sərgisində iştirakı yalnız regional deyil, qlobal iqtisadi şəbəkəyə inteqrasiya baxımından da strateji addım sayılır. Yaponiya və Şərqi Asiyanın sənaye nəhəngləri üçün ƏAİZ-də mövcud olan vergi güzəştləri, gömrük azadlıqları, yüksək logistika infrastrukturuna çıxış və investorlara yönəlik şəffaf hüquqi çərçivə cəlbedici gəlir. Belə platformalar xarici investorların marağını artırmaqla yanaşı, Azərbaycanın sabit və rəqabətqabiliyyətli iqtisadi mühitə malik ölkə kimi imicini gücləndirir. "Manufacturing World Tokyo 2025"də nümayiş olunan müasir texnologiyaların öyrənilməsi və ƏAİZ vasitəsilə Azərbaycana gətirilməsi, ölkənin sənaye potensialının kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsinə töhfə verə bilər. 

Ələt Azad İqtisadi Zonasının "Manufacturing World Tokyo" kimi yüksək profilli sənaye sərgisində iştirakı, onun qlobal iqtisadi xəritədə öz yerini daha möhkəm bərqərar etməsi üçün mühüm addımdır. Bu iştirak sayəsində Azərbaycan sənaye texnologiyalarının idxalı, investisiyaların cəlbi, rəqəmsal və "yaşıl istehsal" imkanlarının inkişafı, həmçinin regional sənaye mərkəzi olma potensialını daha geniş auditoriyaya nümayiş etdirə bilər. Belə tədbirlər Azərbaycanın XXI əsrin sənaye transformasiyasında iştirak etmək əzmini və strateji baxışını da ortaya qoyur.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Избранный
46
azerbaijan-news.az

1Источники