RU

Azərbaycanın birnömrəli brendi

Reytinqi ildən-ilə yüksələn SOCAR beynəlxalq enerji şirkətinə çevrilir

"Moody's" Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib.

Öncə qeyd edək ki, "Moody's" 2010-cu ildən SOCAR-la kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı Baa3 reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir. SOCAR-dan verilən məlumata görə, şirkətin sağlam maliyyə göstəriciləri, şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir.

Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. "Moody's"in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.

 Keçən il isə "Fitch" Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan BBB- (sabit) reytinqi vermişdir. Bundan əlavə, ötən il SOCAR özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance - Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi almışdır.

 Xatırladaq ki, SOCAR artıq dünyada tanınan bir şirkətdir. Şirkət ölkəmizin ərazisində qurudakı və dənizdəki neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını və işlənməsini, neftin, qazın və qaz kondensatının hasilatını, emalını və nəqlini həyata keçirir. Şirkətin fəaliyyətinə həmçinin neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı daxildir. SOCAR habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatını təmin edir. 

 SOCAR neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir. O, keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Bərpaolunan enerji mənbələrinin inkişafı kimi sahələrdə uğurla fəaliyyət göstərən şirkət rəqəmsallaşma, innovasiya, "yaşıl enerji"yə keçid vasitəsilə davamlı inkişafı və dayanıqlı artımı təşviq edir. 

 SOCAR həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək ekoloji cəhətdən təmiz, aşağıkarbonlu və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir. Ekoloji təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq da şirkətin əsas missiyalarındandır. 

 SOCAR-ın xarici fəaliyyəti əsasən Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə və Rumıniya kimi ölkələrdə genişlənir. Şirkət bu ölkələrdə neft və qaz hasilatı, emalı, nəqli, həmçinin yanacaqdoldurma məntəqələri şəbəkəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərir. Məsələn, Gürcüstanda SOCAR neftin topdan və pərakəndə satışı, neft məhsullarının idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşğuldur. Şirkət bu ölkədə həmçinin bir neçə yanacaqdoldurma məntəqəsi açıb və Kulevi neft terminalını idarə edir. 

Türkiyədə isə SOCAR ən böyük xarici investorlardan biridir və "Petkim" neft-kimya kompleksi, STAR neft emalı zavodu kimi iri layihələrdə iştirak edir. 

 Şirkət Ukrayna, İsveçrə və Rumıniya da daxil olmaqla bir sıra digər ölkələrdə də fəaliyyət göstərir. SOCAR bu ölkələrdə də neft və qaz sektorunda investisiyalar yatırır və biznes əməliyyatları həyata keçirir. 

 SOCAR-ın xarici fəaliyyəti ölkə iqtisadiyyatına müsbət təsir göstərir, xarici investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edir. 

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
20
azerbaijan-news.az

1Источники