RU

Şirvanda tədbir - Azərbaycan mətbuatı arxiv yaddaşında

Bakı, 16 iyul, AZƏRTAC

Şirvan şəhərində yerləşən Dövlət Arxivinin filialında “Azərbaycan mətbuatı arxiv yaddaşında” adlı genişmiqyaslı tədbir keçirilib.

Dövlət Arxivindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi mətbuat tariximizə nəzər salmaq, arxivlərdə qorunub saxlanılan qiymətli mətbuat nümunələrini ictimaiyyətə tanıtmaq, xüsusilə də gənc nəslin mətbuat irsinə olan marağını artırmaqdan ibarət idi.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının sədri, professor Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayon arxivlərinin nümayəndələri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Qonaqlar əvvəlcə açıq havada təşkil olunmuş sərgi ilə tanış oldular. Burada Milli Arxiv Fondunun kolleksiyalarında qorunan nadir mətbuat nümunələri, tarixi qəzetlər, arxiv sənədləri və fotoşəkillər nümayiş etdirilib. “Köhnə redaksiya” adlı guşə tədbirə xüsusi ab-hava qatıb. Eyni zamanda, iştirakçılar üçün maraqlı viktorina da təşkil olunub.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edib.

Tədbir ərzində 150 illik milli mətbuat tarixinin mühüm mərhələləri haqqında ətraflı məlumat verilib, çıxışlarda mətbuatın cəmiyyətdəki rolu, arxiv materiallarının qorunmasının əhəmiyyəti və informasiya yaddaşının gələcək nəsillərə ötürülməsi vurğulanıb.

Tədbiri təkcə arxiv işinin deyil, həm də jurnalistika tariximizin unudulmayan səhifələrinin işıqlandırılması baxımından xüsusi önəm daşıyıb.

Избранный
40
azertag.az

1Источники