Texnologiya sektorunda 2025-ci ilin ikinci rübü üzrə satış məlumatları açıqlanıb. IDC-nin təqdim etdiyi ilkin nəticələrə əsasən, qlobal ağıllı telefon satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 295,2 milyon ədədə çatıb. Lakin ABŞ-da vergi yükü, iqtisadi çətinliklər və inflyasiya səbəbindən bazarda qeyri-müəyyənlik hökm sürür.
Siyahıya əsasən, birinci rübdə lider olan "Apple" ikinci rübdə mövqeyini itirib. "Samsung" 58 milyon satışla liderliyə yüksəlib, "Apple" isə 46,4 milyon satışla ikinci yerdə qərarlaşıb. Aralarındakı fərq 12 milyona yaxın olub. "Xiaomi" isə 42,5 milyon satışla "Apple"a yaxınlaşıb.
Ekspertlərə görə, alıcılar ikinci rübdə daha sərfəli modellərə üstünlük veriblər. "Samsung"un ucuz seqmentdə geniş məhsul çeşidinə malik olması, xüsusilə "Galaxy A36" və "A56" modellərinin populyarlığı şirkətə üstünlük qazandırıb. "Apple" isə yalnız "iPhone 16e" modeli ilə bu seqmentdə təmsil olunur.
Sərvanə Rəmixanova