RU

Zəngəzur dəhlizi üzərində 100 illik nəzarət: ABŞ-ın təklifi bölgədə yeni gərginliyin başlanğıcımıdır?

ABŞ-ın Azərbaycan və Ermənistan arasında gərginliyin “həlli” məqsədilə Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət təklifi Cənubi Qafqazda ciddi rezonansa səbəb oldu. Bu ideya ilk baxışda regionda sabitliyin təmin edilməsinə yönəlmiş kimi görünsə də, əslində, geosiyasi təsirləri və maraqlar toqquşması baxımından bir sıra narahatlıqlar doğurur. Ermənistan rəhbərliyinin bu təklifi dərhal rədd etməsi və Türkiyə Prezidentinin ABŞ-ın belə bir təşəbbüsündən xəbərsiz olduğunu bildirməsi məsələnin nə qədər qeyri-şəffaf və çətin həll edilən olduğunu göstərdi. Rusiya və İranın reaksiyası hələlik gözlənilsə də, Bakının səssizliyi də bir çox suallar doğurur. Bu təklif Azərbaycan üçün nə dərəcədə məqbul sayılır? Regionda dominant olmaq istəyən oyunçular bu təklifi necə qəbul edəcəklər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə nəzarətlə bağlı təklif əslində tam gözlənilməz deyil:

“Son iki ildə Ermənistan rəhbərliyi müxtəlif beynəlxalq platformalarda bu məsələni gündəmə gətirirdi. Onların məqsədi aydındır – üçtərəfli 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmək və dəhlizə nəzarəti Rusiyaya verməmək. Məhz bu mövqe prosesi ləngitdi və sonda ABŞ-ın təklifi ortaya çıxdı.

Digər tərəfdən, bu vəziyyətə gətirib çıxaran əsas səbəblərdən biri də Rusiyanın qeyri-konstruktiv mövqeyidir. Kreml bu prosesi bilərəkdən uzatdı və Azərbaycanla Ermənistanı təzyiq altında saxladı. Lakin Ukrayna müharibəsindən sonra Moskvanın təsir imkanları xeyli zəiflədi.

Zəngəzur dəhlizinə 100 illik nəzarət ideyası isə reallıqdan uzaq və region ölkələrinin maraqlarına ziddir. Bu təklifin həyata keçməsi Çin də daxil olmaqla, bir sıra beynəlxalq güclərlə açıq ziddiyyət yarada bilər və bu da region üçün yeni gərginliklər deməkdir”.

Politoloqun sözlərinə görə, ən optimal ssenari – bu prosesin qısa müddətli mərhələ formasında həyata keçirilməsidir:

“Məsələn, 5-10 il ərzində beynəlxalq müşahidə və zəmanətlə müəyyən mexanizmlər qurula bilər. Bu dövrdə həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan arasında etimad mühiti formalaşdırıla bilər. Bundan sonra isə iki ölkə arasında birbaşa razılaşma əsasında dəhlizin gələcək statusu müəyyənləşdirilə bilər.

Yekunda demək olar ki, ABŞ-ın bu təklifi indiki mərhələdə müəyyən aspektlərdə diqqətəlayiq görünsə də, onun uzunmüddətli olması Azərbaycanın və regionun strateji maraqları ilə uzlaşmır”.

//Gülnarə Abasova, Editor.az

Избранный
46
editor.az

1Источники