İspaniyanın “Valyadolid” klubunun sol vingeri Raul Moro bundan sonra Niderland nəhəngi “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Amsterdam kollektivinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ispan futbolçu ilə 5 illik müqavilə imzalanıb. Niderland nəhəngi bu transfer üçün “Valyadolid”ə 11 milyon avro ödəyib. İspan futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Raul Moro “Ximnastik Manreas”, “Espanyol”, “Barselona” və “Latsio” kimi klubların futbol akademiyalarından keçib. Peşəkar karyerasına “Latsio”da başlamış ispan futbolçu “Ternana”, “Ovyedo” və “Valyadolid” klublarında icarədə oynayıb. 2024-cü ildə “Valyadolid” 2,5 milyon avro ödəməklə Moronu “Latsio”dan birdəfəlik transfer etmişdi. O, “Valyadolid”in əsas komandasının heyətində 65 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Moro İspaniyanın U-17, U-18 və U-21 millilərinin heyətinə cəlb olunsa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

