Rusiya hakimiyyəti ABŞ da daxil olmaqla sülh prosesinin bütün iştirakçılarından birbaşa danışıqların üçüncü raundunun baş tutması üçün Ukraynaya təzyiq göstərməsini gözləyir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib: “Biz hamını buna çağırırıq. Bu halda əsas olanlar ABŞ-ın – prezident Tramp və onun komandasının vasitəçilik səyləridir. Çoxlu bəyanatlar verilir, məyusluq haqqında çox sözlər olur. Təbii ki, bununla paralel olaraq Ukrayna tərəfinə də təzyiqlər ediləcəyinə ümid etmək istəyirik”, – Kreml sözçüsü jurnalistlərə bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna İstanbulda birbaşa danışıqların iki raundu – mayın 16-da və iyunun 2-də keçirilib. Son görüşdə tərəflər hərbi əsirlərin mübadiləsi barədə razılığa gəlib və atəşkəs şərtləri ilə bağlı memorandumları bir-birinə verib. Nümayəndə heyətləri növbəti danışıqlarda sənədləri müzakirə etməlidirlər, lakin bundan əvvəl, Ukrayna hakimiyyətinin izah etdiyi kimi, mübadilələr tamamlanmalıdır.
//Samir Qurbanov, Editor.az