RU

Milli Məclisin növbədənkənar sessiyası

İyulun 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümünün tamam olduğunu deyib. O, Ulu öndərin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırıb.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 13 məsələnin daxil edildiyini və ilk 11 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb. İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, qanun layihəsində ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə dəyişikliyin nəzərdə tutulduğunu bildirib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair məlumat verib. Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Daha sonra Vüqar Bayramov “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb. O, həmçinin “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edib. Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" qanun layihəsi barədə məlumat verib. Növbəti məsələni – Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, bu layihə "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Əli Hüseynli Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb. O, həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova son 2 məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən söhbət açıb. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olunub.

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

XQ

Избранный
29
7
xalqqazeti.az

10Источники