Fransada UNESCO-nun baş qərargahında Azərbaycanın təşkilatdakı Daimi Nümayəndəliyinin, “İçərişəhər” Dövlət Qoruğunun təşkilatçılığı və “Trend” informasiya agentliyinin media dəstəyi ilə mötəbər tədbir keçirilib.
Aznews.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə “Baku Network” analitik mərkəzinin proqram direktoru Sahil Kərimli UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyası çərçivəsində bildirib.
Sessiya çərçivəsində, eyni zamanda, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Proqram direktoru “Baku Network” təşkilatçılığı ilə tədbirdə erməni təcavüzü zamanı həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlərin paylanıldığını bildirib.
“Bu bukletlər UNESCO-nun qərargahında tədbir iştirakçılarına təqdim olundu. Biz Ermənistanın təcavüzü nəticəsində həlak olan jurnalistlərin xatirəsini beynəlxalq ictimaiyyətə bir daha çatdırmaq və Azərbaycanın ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmək istədik”, – deyə S.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, panel müzakirələrində məzmunlu çıxışlar səsləndirilib.
“Xüsusilə UNESCO-nun 47-ci sessiyası və İçərişəhərin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində çoxsaylı çıxışlar edilib. Tədbirdə, həmçinin, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network"un rəhbəri Elçin Ağacanov çıxış edib”, – deyə S.Kərimli bildirib.