RU

"Öz uğurlarını Ursulanın ayaqları altına atacaq..." - İrvinq Stoun

14 iyultanınmış ABŞ yazıçısı İrvinq Stounun doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin məşhur "Yaşamaq yanğısı" romanından bir hissəni təqdim edir.

...Londonda olmaq imkanına çox sevindi, çünki qayıdanda Ursulanın evinə baş çəkə bilərdi. Lakin Uaytçepel viranələri onun yaddaşından Ursula barəsindəki fikirləri sıxışdırıb çıxartdı, elə buna görə də Klep-xemə gedə bilmədi. Mister Consa bir fartinq belə gətirmədən Aylvorta qayıtdı.

Cümə axşamı, axşam ibadəti vaxtı Cons özünü elə göstərdi ki, guya kefsizdir və köməkçisinin çiyninə söykəndi.

- Bu gün mən çox yorulmuşam, Vinsent. Siz moizəni yəqin ki, yazmısınız, elə deyilmi? Onlardan birini oxuyun. Görək sizdən necə keşiş çıxacaq. Vinsent həyəcanla kafedraya qalxdı. O, qıpqırmızı qızarmışdı, bilmirdi ki, əllərini haraya qoysun. Səsi dərhal batdı, o, kəkələyə-ka-kələyə danışırdı. Ustalıqla kağıza yazdığı bitkin sözləri çox çətinliklə yadına salırdı. Lakin o hiss edirdi ki, onun ləng deyilən sözlərinə, yön-dəmsiz hərəkətlərinə içindən yarılıb çıxan şad hissləri üstün gəlir.

Siz əla danışırsınız, mister Cons dedi. Gələn həftə mən sizi Riçmonda göndərəcəyəm.

Xoş payız günü idi. Tezma boyu Aylvortdan Riçmonda getmək gözəl idi. Göy səma, saralmış yarpaqları hələ tökülməmiş hündür şaba-lıd ağacları güzgü kimi suda əks olunurdu. Riçmonddan mister Consa yazmışdılar ki, genc holland vaizi onların xoşuna gəlir. Xeyirxah Cons Vinsentə irəli getməyə şərait yaratmağı qərara aldı. Consun Ternem Qrində böyük məhəllə kilsəsi vardı, onun ətrafında hər şeyə şəkk gətirən dindarlar yığışmışdı. Əgər Vinsent Ternem Qrinde mü-vəffəqiyyətlə moizə oxusa, onda ona istenilen yerdə kafedra etibar etmək olar.

Vinsent öz moizəsi üçün yüz səkkizinci surənin on doqquzuncu ayəsini seçdi: "Men bu dünyada qəribə bir səyyaham. Sən öz sirlərini məndən gizlətme". O, çox sadə və alovlu danışırdı. Onun gəncliyi, hərarəti, gücü, iri başı, kəskin baxışları bütün bunlar kilsəyə gələnlərə böyük təsir göstərirdi.

Çoxları Vinsentə yaxınlaşır, moizəyə görə ona təşəkkür edirdilər. O, hamının əlini təbəssümlə sıxırdı. Sonuncu adam kilsədən çıxandan sonra o da astaca dal qapıdan sivişib Londona tərəf getdi.

Tufan qopdu. Vinsent özü ilə nə şlyapa, nə də palto götürmüşdü. Temzanın suyu, xüsusilə sahillərdə sapsarı görünürdü. Üfüqdə ildırım çaxırdı, göydə qara buludlar süzür, çəpine şıdırğı yağış yağırdı. Sümüyünə qədər islanmış Vinsent addımlarını daha da yeyinlətdi.

Nəhayət, o, müvəffəq oldu! O özünü tapdı. O öz uğurlarını Ursulanın ayaqları altına atacaq, onunla bölüşəcək. Yağış ensiz ağ cığırı döyəcləyir, yemişan kollarını silkələyirdi.

Uzaqda hansı şəhərsə görünürdü, onun qüllələri, dəyirmanları, kirəmid damları və qotik üslubda tikilmiş evləri Dürerin qravüründəki kimi idi. Vinsent inadla, qətiyyətlə Londona tərəf irəliləyirdi, su onun üzünə çırpır, başmaqlarında loqquldayırdı. Yalnız axşamüstü o, Lua-yerilərin evinə gəlib çatdı. Şəhərin üzərinə kül kimi toranlıq çökürdü. Hələ evə çatmamış o, skripkaların avazını, musiqi sədasını eşitdi. Bu, onu təəccübləndirdi, anlaya bilmirdi ki, burada nə baş verib. Bütün ev parlaq işığa qərq olmuşdu. Artırmanın yanında, yağışın altında fayton-lar cərgə ilə dayanmışdılar. Vinsent gördü ki, qonaq otağında rəqs edirlər. Yağışdan daldalanan qoca sürücü böyük çətirin altında qozlada oturmuşdu.

-No olub belə burada? - Vinsent soruşdu.

- Deyəsən toydur.

Vinsent faytona söykəndi. Su onun sarı saçlarından şırnaqla axıb üzünə tökülürdü. Vaxt keçirdi, nəhayət, qapı açıldı. Ursula hündür, qa-mətli bir kişi ilə göründü. Deyib-gülən qonaqlar dəstə ilə evdən çıxırdılar, onlar qəhqəhə çəkir, evlənənlərin başına ovuc-ovuc düyü atırdılar. Vinsent faytonun kölgəsinə çəkildi. Ursula əri ilə həmin faytonda oturdular. Faytonçu atları qamçıladı. Atlar tərpəndi. Vinsent əyilərək faytonun yanı ilə qaçdı və üzünü onun yaş pəncərəsinə söykədi. Əri iki əli ilə Ursulanı möhkəmcə qucaqladı, dodaqlarını onun dodaqlarına yapışdırıb bərk-bərk öpdü. Fayton uzaqlaşdı. Vinsentin qəlbində heç vaxt sağalmayan nə isə nazik bir şey həmişəlik qırıldı. Tilsim sındı. O, bu hadisənin belə asanlıqla baş verəcəyinə hələ də inana bilmirdi.

Güclü yağışın altında o, yenidən Aylvorta qayıtdı, şeylərini yığışdırıb İngiltərəni həmişəlik tərk etdi...

Rus dilindən tərcümə edən: Fərhad Qəmbəroğlu

Избранный
16
kulis.az

1Источники