BAKI, 14 iyul. TELEQRAF
"Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması kifayət qədər müsbət məqamdır və bu sektorun inkişafına xüsusi təkan verəcək. Bütün bunlar ilə yanaşı, torpaqların kateqoriyasının dəyişdirilməsi mexanizminin daha da sadələşdirilməsi və bu siyahının daha da genişləndirilməsi məqsədəuyğundur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin mnüzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanda sənayenin inkişafı əsas prioritet hədəflərdəndir:
"Azərbaycanda sənayenin inkişafı əsas prioritet hədəflərdəndir və qiymətləndirmələr göstərir ki, bir sıra hallarda torpaqların kateqoriyasının dəyişidirlməsinin xeyili vaxt tələb etməsi və bəzi hallarda isə bunun mümkün olmaması sənayenin inkişafı üçün arzuolunan hesab edilmir. Kənd təsərrüfatının inkişafının dəstəklənməsi kontekstində torpaqların kateqoriyası dəyişdirilməsinin sadələşdirilməsi xüsusən bölgələrimizə sərmayə cəlbi üçün vacibdir. Çünki, bir sıra torpaqların kateqoriyasının dəyişdirilməsindəki çətinliklər istehsal ərazisində sənaye üçün infrastrukturun qurulmasına və ya genişlənməsinə maneə olur. Buna görə də, xüsusən sənaye məhsullarının istehsalı üçün torpaqların kateqoriyasının dəyişidirlməsi proseduralarının asanlaşdırılmasına və istiqamətdə daha çox güzəştlərin verilməsinə ehtiyac var".