RU

Pezeşkian Azərbaycanla bağlı nöqtəni qoydu, amma...

Tehrandakı mürtəce qüvvələr və İrəvandakı səfir Prezidentin siyasi kursunu sabotaj edir

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian İsrailin guya Azərbaycan ərazisindən istifadə edərək İrana hücumlar həyata keçirməsi ilə bağlı iddialara son qoyub. Bu barədə o, amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində danışıb. “Təhlükəsizlik orqanlarımız qonşu ölkələrlə sionist rejim arasında hərbi əməkdaşlıqla bağlı heç bir fakt qeydə almayıb. Bu söz-söhbətlərin əsası yoxdur”, - deyə İran Prezidenti vurğulayıb.

Pezeşkian əlavə edib ki, əksinə, bəzi region ölkələri rəsmi şəkildə İrana dəstək göstərib və ərazilərinin Tehrana qarşı istifadə edilməsinə yol verməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, bundan əvvəl İran və Ermənistan mətbuatında İsrailin guya Azərbaycan ərazisindən pilotsuz uçuş aparatları və raketlər vasitəsilə İrana zərbələr endirdiyi iddia olunurdu. Lakin bu ittiham artıq İranın birinci şəxsi tərəfindən təkzib olunub.

Beləcə, Məsud Pezeşkian Azərbaycanla bağlı ermənilərin də həvəslə qoşulduğu şərfsiz iftiraya son qoydu. Bəs davamı gələcəkmi? Məlumdur ki, bu böhtan kampaniyasının qaynağı SEPAH-a yaxın media qurumları, bəzi “ekspertlər” idi. Onlar çətin ki, öz bəd əməllərindən əl çəksinlər.

Bəs İran prezidenti onların cilovunu yığmaq gücündədirmi? O sırada vaxtaşırı Azərbaycana qarşı şər-böhtan atan və iki ölkə münasibətlərində əlavə gərginlik yaradan İrəvandakı səfir Mehdi Sobhanini ilə bağlı nəhayət, tədbir görüləcəkmi?

Xəyal

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İran prezidentinin bu mövqeyindən öncə Bakıya, bir qədər sonra isə Xankəndiyə səfər etməsi və səfərləri zamanı səsləndirdiyi fikirlər, jestləri özü-özlüyündə İrandakı həmin o qüvvələrə bir mesaj idi: “İndi isə sözügedən müsahibəsindəki həmin fikriləri səsləndirməsi də təsadüfi deyil. Cənab Pezeşkian bu fikirləri ilə İrandakı bəzi qüvvələrin, SEPAH-ın təmsilçilərinin, onlara bağlı media orqanlarının və siyasətçilərin Azərbaycana qarşı ittihamlarının əsassız, absurd və böhtan olduğunu təsdiqləmiş oldu. O ittihamlar və böhtanlar Azərbaycan tərəfindən daim rədd edilirdi və bəyan edilirdi ki, ittihamlar tamamilə uydurmadır, bizim üçün əhəmiyyət kəsb etmir. İndi isə İranın Prezidenti məlum fikirləri ilə Azərbaycanın haqlı olduğunu təsdiqlədi ki, İrandakı həmin dairələrin ittihamlarının heç bir sübutu yoxdur, heç bir fakta söykənməyən iftiralar olub.  Lakin Prezident Pezeşkianın ədalətli və təqdirəlayiq fikirləri səsləndirməsindən sonra da Azərbaycana qarşı iftiraları davam etdirən qüvvələr bu gün də öz işlərindədirlər. Elə onlardan ən üzdə olanı səfir Mehdi Sobhanidir. Bu cür şəxslər və qüvvələr İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşmağını istəmirlər, bütün gücləri ilə münasibətlərin pozulmasına çalışırlar. Prezident Pezeşkianın Azərbaycana səfərləri, verdiyi açıqlamalar, müsahibəsindəki fikirlər həmin qüvvələri qane etmir, onları narazı salır. Ona görə də əslində nümayiş etdirdikləri mövqe ilə prezidentin mövqeyinə qarşı çıxmış olurlar”.

Ekspert hesab edir ki, onların susdurulması üçün gərəkən sərt addımlar atılmadıqca anti-Azərbaycan kampaniyasını bundan sonra da aparacaqlar: “İran prezidenti Məsud Pezeşkian həmin ara qarışdıran qüvvələrin öhdəsindən gələ bildiyini yəqin ki, lazımi addımları ilə nümayiş etdirməlidir. Bunu etməsə istər-istəməz belə bir fikir formalaşaq ki, prezidentin həmin qüvvələrə gücü çatmır. Azərbaycan İran-Azərbaycan münasibətlərini pozmağa çalışan, hətta bunun üçün prezident Pezeşkianın ortaya qoyduğu siyasəti sabotaj edən qüvvələrin susdurulmasını gözləyir. Yaxın zamanlarda bu istiqamətdə addımlar atılıb-atılmayacağına, yəqin ki, aydınlıq gələcək”.    

Избранный
95
44
bakuinfo.net

10Источники