Kəmərin tam sistem kimi istifadəyə verilməsindən 19 il keçir
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi. Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim keçirildi. Tədbirdə kəmərin keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları iştirak etdilər.
Bir qədər irəliyə dönərək qeyd edək ki, kəmərə ilk neft 2005-ci il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal terminalından vurulmuşdu. Bu həmçinin BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. Bakıda və Səngəçalda bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etmişdilər. Xəttin Gürcüstan hissəsi isə həmin il oktyabrın 12-də Qardabani rayonundakı nasos stansiyasından fəaliyyətə başlamışdı.
BTC-nin daşıdığı neft "Əsrin müqaviləsi" çərçivəsində Xəzərin Azərbaycan sektorundakı "Azəri" yatağından çıxarılan neft idi. Neft Ceyhana 2006-cı il mayın 28-də çatmışdı və bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etmişdi. Azərbaycan nefti ilə yüklənmiş ilk tanker isə dünya bazarlarına həmin il iyunun 4-də yola salınmışdı.
BTC öz marşrutu boyu 1768 kilometr məsafə qət edir. Xəttin Azərbaycanda yolu 443, Gürcüstanda 249 və Türkiyədə 1076 kilometrdir. Kəmər ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Coranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan sonrakı yolunda - Gürcüstanda və Türkiyədə isə daha onlarla şəhər və kənddən keçir.
BTC üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Bu xəttin yerin altı ilə uzanan borulardan başqa bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı baş nasos stansiyadan sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyədədir.
Xəttin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq BTC 46, 42 və 34 düymlük borulardan çəkilib.
Kəmərin keçdiyi uzun yol boyu yerləşən çoxsaylı bölgələrin coğrafiyası heç də eyni deyil. Belə ki, BTC öz marşrutunda bir neçə dağ silsiləsini aşır və 2830 metr yüksəkliyə qalxır. Eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxılaşdıqda isə yenidən dəniz səviyyəsinə enir. Bütün bunlara baxmayaraq BTC artıq 19 ildir ilin bütün fəsillərində eyni ahəngdarlıqla işləyir. Bu isə o deməkdir ki, kəmər mükəmməl inşa edilib və etibarlı idarə olunur. Məsələn, boruların necə möhkəm izolyasiya olunduğunu xatırladaq. Hətta iki il əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı kəmərin təbii fəlakət zonasından keçən hissəsinə heç bir zərər dəymədi ki, bu da onun möhkəmliyindən və möhtəşəmliyindən xəbər verən faktdır.
Göründüyü kimi, BTC-nin salnaməsi qısa olsa da, zəngindir. Keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Sazış Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.
BTC-nin reallaşması Ulu Öndər Heydər Əliyevin səyi, mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində mümkün olmuşdur. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan bu layihə yeni meqalayihələrə yol açmışdır. Başqa sözlə, Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhandan başlanan yolu geniş dəhlizlərə qovuşdurmuşdur. Dövlətimizin başçısı BTC-nin çəkilişini tarixi hadisə kimi dəyərləndirərək demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən, logistika imkanlarından tam şəkildə istifadə edir".
Xatırladaq ki, BTC əsas ixrac boru kəməri hazırda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının neftini və "Şahdəniz"dən çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC Xəzərin digər regional xam neft və kondensat həcmlərini (Qazaxıstan və Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql edir.
BTC-nin idarəedicisi BP şirkətinin məlumatına görə, istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Flora SADIQLI,
"Azərbaycan"