RU

Beynəlxalq nüfuzun təzahürü

Son 40 gündə Azərbaycan və onun vətəndaşları 6 beynəlxalq səviyyəli seçkidə qalib gəliblər

Prezident İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu və hərtərəfli inkişaf strategiyasının təzahürüdür ki, bu gün Azərbaycan beynəlxalq arenada mühüm aktora çevrilib. Mötəbər beynəlxalq qurumlarda uğurla təmsil olunan Azərbaycan bu təşkilatlarda sadəcə üzv dövlət kimi təmsil olunmur, həmçinin qlobal əhəmiyyətli qərarların qəbulunda və icrasında birbaşa iştirak edir. Ölkəmiz dünyada baş verən siyasi, iqtisadi, təbii kataklizmlərin aradan qaldırılması üçün mühüm təşəbbüslərlə çıxış edir və bu istiqamətdə uğurlu nəticələrin əldə olunması üçün bütün səylərini səfərbər edir. 

Uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi

120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi zamanı özünün ən uğurlu və effektiv dövrünü yaşadı. 

COVID-19 pandemiyasının başlamasından dərhal sonra Qoşulmama Hərəkatı bu bəlaya qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi beynəlxalq əhəmiyyətli nailiyyətlərdir. 

Eyni zamanda ölkəmiz pandemiya dövründə 100-ə yaxın ölkəyə yardım əli uzadaraq humanitar kömək etdi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın "yaşıl gündəliyi" əsasında reallaşan və təsirli qərarların qəbul olunduğu iqlim konfransı kimi tarixə düşdü. COP29 çərçivəsində Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bütün bunları və beynəlxalq konfransda qəbul olunan digər vacib qərarları iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi adlandırsaq, heç də yanılmarıq. 

Hazırda dünyanın dörd bir yanında münaqişələr, müharibələr gedir. Belə bir şəraitdə son beş ildə regionda reallıqları dəyişdirərək bölgədə dayanıqlı sülh üçün mühüm zəmin yaradan Azərbaycanın davam edən münaqişələrin dialoq yolu ilə çözümünü dəstəkləməsi faktdır. 

Nüfuzu Cənubi Qafqaz sərhədlərini çoxdan aşaraq dünya səviyyəsinə çıxan Azərbaycanla bu gün hərtərəfli əlaqələr qurmaqda maraqlı olan ölkələrin sayının durmadan artması da dövlətimiz tərəfindən həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasətin nəticəsidir. Etibarlı, güvənilən ölkə olaraq dünyada etimad qazanan Azərbaycanın daim beynəlxalq hüququ dəstəkləməsi, haqqın müdafiəçisi olması, yeni və ədalətli dünya nizamının qurulması istiqamətində gördüyü işlər xüsusi təqdirlə qarşılanır. 

Azərbaycanın təmsilçisi ICDO Baş katibi seçilib

    

Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana artan etimadın bariz göstəricisidir ki, son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılıb. 

Bununla bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası və onun vətəndaşları aşağıda göstərilən beynəlxalq səviyyəli seçkilərdə qalib gəliblər:

- BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə),

- BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə),

- UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə),

- BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə),

- BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik,

- Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.

10 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində də Azərbaycanın təmsilçisi ilk dəfə olaraq sözügedən Təşkilatın Baş katibi vəzifəsinə seçilib. XİN-dən verilən məlumata görə, seçkilər yüksək rəqabət şəraitində keçirilib. ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı 3 ölkədən olan namizəd mübarizə aparıb. Azərbaycanın namizədi səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini qazanaraq (23 ölkə) mötəbər qurumun Baş katibi vəzifəsinə seçilib.

Mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat olan ICDO-nun əsas vəzifəsi təbii və texnogen fəlakətlər zamanı əhalinin mühafizəsini və ona yardımı, bu fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan strukturların imkanlarının gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

ICDO Baş katibi təşkilatın ən ali vəzifəsi olmaqla, onu beynəlxalq müstəvidə təmsil etmək, struktur vahidlərinə rəhbərlik etmək, katibliyin funksionallığını təmin etmək və digər əhəmiyyətli sahələrdə məsuldur.

Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. 2023-cü ilin may ayında Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının keçmiş Baş katibi Njupuo Yap Mariatunu qəbul edən zaman xanım vurğulamışdı ki, Azərbaycan mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. 

Beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş seçkilərdə ard-arda qazanılan qələbələr, eləcə də ICDO kimi mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat olan mötəbər quruma Azərbaycan təmsilçisinin ilk dəfə olaraq Baş katib vəzifəsinə seçilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. 

Bütün bunlar Azərbaycanın beynəlxalq təşəbbüslərdəki mühüm rolunu bir daha təsdiqləyir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
13
azerbaijan-news.az

1Источники