RU

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq

Pekin, 13 iyul, AZƏRTAC

Çinin “Tiencou-9” (Tianzhou-9) yük gəmisi təxminən 6,5 ton yükü “Tienqon” kosmik stansiyasına çatdıracaq.

AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, yük gəmisini orbitə çıxaracaq daşıyıcı raketin buraxılışı bir neçə testdən sonra yaxın günlərdə Çinin Haynan adasındakı Vençan kosmodromda baş tutacaq. Artıq yük gəmisi və daşıyıcı raket şaquli formada buraxılış məntəqəsinə çatdırılıb.

Yük gəmisi hazırda stansiyada olan “Şencou-20” missiyasının astronavtları, habelə oktyabrda onları əvəzləyəcək “Şencou-21” missiyasının astronavtları üçün lazımi təchizat, o cümlədən həyati dəstək materialları, iki yeni “Feytien” ekstravehikulyar skafandr dəsti, məşq cihazı, kosmik tibb və digər eksperimental sahələrə aid elmi faydalı yükləri daşıyacaq.

Yük gəmisini kosmosa aparacaq “Uzun yürüş-7” (Long March-7) Çinin yeni nəsil ortaölçülü daşıyıcı raketlərindəndir. Hündürlüyü 53,1 metr, diametri 3,35 metr olan raket 14 ton yükü aşağı Yer orbitinə qaldırmaq gücünə malikdir. Bu seriyadan olan raketlər “Tiencou-1” və “Tienzhou-8” yük gəmilərini uğurla orbitə çıxarıblar.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.

Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

Hazırda stansiyada aprelin 24-də kosmosa göndərilən “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie fəaliyyət göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
17
2
azertag.az

3Источники