ABŞ Dövlət Departamentində 1353 nəfəri əhatə edən kütləvi ixtisarlar həyata keçirilib. Departamentin rəhbəri Marko Rubionun “radikal ideologiyalardan təmizləmə” çağırışı ilə başladığı yenidənqurma planı çərçivəsində on illərlə bu qurumda çalışan onlarla əməkdaş vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə AA məlumat yayıb.
Redaksiya mənbəyə istinadla xəbər verir ki, Vaşinqtondakı nazirlik binasında çalışan 1300-dən çox əməkdaş işdən çıxarılıb. İşçilər son iş günlərində həmkarlarının alqışları arasında əşyalarını daşıyaraq binanı tərk ediblər. Departament binasında duyğulu vida səhnələri yaşanıb.

20 ildir nazirlikdə çalışan Olqa Başbuş bildirib: “Biz burada Amerika Konstitusiyasına və dəyərlərinə xidmət etdik. Həm Respublikaçı, həm Demokrat administrasiyalar altında işləmişəm. Bu gün işimizi itirmək bizim üçün böyük faciədir”.
Bu ixtisarlar, dövlət katibi Marko Rubionun may ayında elan etdiyi struktur islahatlarının bir hissəsi kimi həyata keçirilir. Rubio açıqlamasında qurumun “şişirdilmiş” bir struktur halına gəldiyini iddia etmiş, radikal siyasi ideologiyaların departamentdən təmizlənəcəyini bildirmişdi.

Sızan daxili yazışmalara görə, işdən çıxarılanların 1107-si mülki məmur, 246-sı isə diplomat statusundadır. Bildirişlər Dövlət katibinin müavini Maykl J. Riqas tərəfindən əvvəlki gün əməkdaşlara göndərilən e-poçtla elan edilib.
Adını açıqlamaq istəməyən başqa bir əməkdaş isə deyib: “Bu işə qəlbimizi qoymuşduq. Bu gün burada çox insanın əməyi görməzliyə vuruldu. Dərin sarsıntı keçirirəm”.
Sevinc Kərimova