RU

Jurnalist maskası altında casusluq: Sovetdən günümüzə Rusiya mediasının kölgə strategiyası

Müəllif: Fərid Zöhrabov, Trend

Tarix boyunca informasiya nəzarəti və yönləndirilməsi böyük güclərin geosiyasi strategiyalarının əsas tərkib hissəsi olub. Bu baxımdan Sovet İttifaqı və onun varisi olan Rusiya Federasiyası öz media institutlarından yalnız ictimaiyyətə məlumat vermək üçün yox, həm də xarici ölkələrdə kəşfiyyat, nüfuz və destabilizasiya vasitəsi kimi istifadə etməklə seçiliblər.

Sovet dövründə formalaşmış "jurnalist-kəşfiyyatçı" konsepti zaman keçdikcə təkmilləşdirilərək müasir informasiya texnologiyalarına uyğunlaşdırılıb. Bu prosesin simvollarından biri isə şübhəsiz ki, "Sputnik" kimi "media" görünümlü, lakin əslində geosiyasi manipulyasiya maşını olan strukturlardır.

Sovet İttifaqında kəşfiyyat fəaliyyəti təkcə klassik "casusluq" forması ilə məhdudlaşmırdı. KQB və onun xarici kəşfiyyat bölməsi üçün informasiya məkanına nəzarət əsas prioritet idi. Bu idarələr öz əməkdaşlarını tez-tez "jurnalist" kimi tanıdaraq, onları xarici ölkələrə göndərirdilər.

1970-80-ci illərdə çoxsaylı KQB sənədləri göstərir ki, Sovet jurnalistlərinin əksəriyyəti kimi media orqanlarında çalışsalar da, paralel olaraq KQB ilə sıx əlaqədə idilər və müəyyən ölkələrdə informasiya toplamaq, təsir dairəsi qurmaq, əlaqələr yaratmaqla məşğul idilər. Hətta bəzi ölkələrdə Sovet jurnalistlərinin sayı rəsmi səfirlik heyətindən belə çox olurdu. SSRİ-nin dağılmasından sonra bu "jurnalist-kəşfiyyatçı" ənənəsi bir müddət səngisə də, müəyyən müddət sonra bu fəaliyyət yeni formada bərpa olundu - bu dəfə "açıq media müstəvisi" adı altında.

Bunlardan biri də "Rossiya Segodnya" media qrupu tərəfindən yaradılan "Sputnik" idi. "Sputnik"in əsas funksiyaları Kremlin maraqlarına uyğun informasiya yaymaq, qərb ölkələrində və postsovet məkanında "alternativ həqiqət" yaratmaq, seçkiqabağı dövrlərdə ictimai rəyə təsir göstərmək və ən əsası da xüsusi xidmət orqanlarına informasiya toplamaq və lokal şəbəkə qurmaqdan ibarətdir.

Bu qurumun rəhbərlik və əməkdaş heyətinin böyük hissəsi ya keçmiş xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərdən, ya da Kremlə yaxın mediadan gələn şəxslərdən ibarətdir. Məsələn, Sputnik Azərbaycan-a rəhbərlik etmiş Vitali Denisov - əvvəllər Sputnik Moldova və digər bürolarına rəhbərlik etmiş, QRU (Baş Kəşfiyyat İdarəsi) ilə bağlılığı olan şəxs kimi tanınır. Həm Moldova, həm də Azərbaycan onu təhlükəli informasiya fəaliyyətinə görə ölkədən deportasiya edib.

Bugünkü dünyada Rusiya informasiya siyasətində "hibrid yanaşma" tətbiq edir. Bu strategiyada klassik hərbi əməliyyatlarla yanaşı kiber əməliyyatlar, dezinformasiya kampaniyaları, sosial media manipulyasiyası, urnalist və ekspert qılığında kəşfiyyatçıların fəaliyyəti paralel şəkildə istifadə olunur. Bu metodlar çox vaxt hüquqi cəhətdən sübut edilməsi çətin olan, lakin real nəticələr doğuran təhdidlər yaradır.

Ölkəmizdə "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması saxlanılması faktı, bu şəxslərin jurnalistika adı altında Azərbaycana qarşı casusluq fəaliyyət göstərmələri ilə izah olunur. Burada casusluq artıq gizli mikrofilmlərlə deyil, redaktə edilmiş xəbər başlıqları və manipulyativ şərhlərlə aparılır.

Bu təhlükəni ilk anlayanlardan biri Avropa İttifaqı oldu. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından dərhal sonra "Sputnik" və RT agentlikləri Avropa ərazisində rəsmi olaraq qadağan edildi. Bu addımın səbəbi kimi onların "təkcə dezinformasiya yaymaları yox, həm də hibrid informasiya müharibəsinin alətləri olması" göstərildi.

Oxşar qərarları Kanada, Böyük Britaniya, Ukrayna, Avstraliya və Latın Amerikası ölkələri də qəbul etdi. Bu qadağaların əsas motivi: "Sputnik" və RT-nin jurnalist qurum deyil, dövlətin informasiya kəşfiyyat strukturunun bir hissəsi olmasıdır.

Избранный
11
1
day.az

2Источники