“Sabah" - "Çelye" görüşündə hər iki klub bərabər oynadı”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Sabah” - “Çelye” matçı (2:3) haqqında danışan təcrübəli mütəxəssis nəticənin gözlənilməz olduğunu bildirib:“Hərçənd "Sabah” oyuna yaxşı başlamışdı. Açığı, məğlubiyyət gözləmirdim. Çünki sloveniyalılar bizdən üstün oynamadılar. “Sabah” hesabda iki dəfə irəlidə idi. Oyun bərabər getdi. Fikrimcə, ədalətli nəticə heç-heçə olmalı idi. Məsələn, bir epizodu deyim ki, son dəqiqələrdə “Sabah” künc zərbəsindən sonra topu qapı dirəyinə vurdu. Həmin epizodda qol olsaydı, "Sabah" qalib gələ bilərdi. Təəssüf ki, əksinə oldu. Əks-hücumda bu boşluqdan istifadə edən “Çelye” qol vurduı. Desək ki, rəqib bizdən güclü idi, yalan olar. Üstün olan klublar var ki, oyunu aparırlar və bütün vaxt ərzində top onlarda olur. Bu matçda elə deyildi"
A.Mircavadov "Sabah"ın məğlubiyyətində fiziki hazırlığın rolunu xüsusi qeyd edib: "Çelyə"yə qarşı oyunda fiziki durum öz sözünü dedi. "Sabah” baş məşqçi axtarışında olduğuna görə, hazırlıqlara gec başladı. Bu isə oyunda açıq-aydın görünürdü. Məsələn, 60-cı dəqiqədən sonra əksər futbolçuların fiziki durumu o qədər də yüksək səviyyədə deyildi, komanda "otururdu". Digər tərəfdən "Sabah" bu oyuna yeni baş məşqçi ilə çıxmışdı. Onun futbol fəlsəfəsi başqa ola bilər. Üstəlik, Valdas Dambrauskas Azərbaycan çempionatını dərindən bilmir. Bu qarşılaşmada o, öz oyun üslubunu tətbiq etmək istəsə də, alınmadı. Çünki hazırlıq çox zəif idi”.
A.Mircavadov cavab qarşılaşmasında “Sabah”ın şanslarını dəyərləndirib: “Bildiyimə görə, “Çelye” öz meydanında çox yaxşı oynayır. Buna baxmayaraq, “Sabah” fiziki hazırlığını yaxşılaşdırsa və müdafiədə diqqətli oynasa, qələbə şansı var. Ötən oyunda əsas problem müdafiədə idi. Çox yüngül top buraxdılar. Cərimə meydançasında hücumçunu məsafədə saxlamaq olmaz. Məsələn, ikinci qolu yadımıza salaq. İki mərkəz müdafiəçisinin yanından başla qol vurdular. Biri var ki, rəqib səni səhvə məcbur edir, biri də var ki, sən özün mövqe səhvi edirsən. Cavab matçında hər şey komandanın istəyindən asılıdır”.
Qeyd edək ki, "Sabah" və "Çelye" arasında cavab görüşü iyulun 17-də Sloveniyada olacaq.