RU

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu il sürpriz şəkildə “Qarabağ” Futbol Klubunu (FK) məğlub edərək Azərbaycan kubokunu qazanan “Sabah” Futbol Klubu (FK) avroliqa oyunları çərçivəsində ilk oyununu keçirib.

Mia.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən oyun zamanı “Sabah” Xorvatiyanın “Çelye” klubunu qəbul etdi və uduzdu. Masazırda, Bank Respublika Arenada gördüyümüz oyunu “Bayquşlar” iyulun 17-də cavab görüşündə Xorvatiyada da davam etdirsələr, daha heç nə. 

Bu nə oyun, nə taktika idi? Əvvəlcə bir coşqu, sonra tələskənlik, sonra 2 qolun eyforiyası, axırda da 3 qol buraxıb oyunu uduzmaq. “Sabah”ı ən yaxşı halda belə xarakterizə etmək olar. 

Mən hələ qeyri-dəqiq ötürmələri və qapıya qeyri-sərrast qol atışlarını demirəm. 

Keçmiş baş məşqçi V.Berzutskinin bəxtəbəxt avroliqaya daşıdığı komandadı “Sabah”. Zatən keçən il də avroliqa oyunlarına vəsiqə qazanmışdı, amma gözlənildiyi kimi, uğursuz nəticə göstərdi. O vaxtdan bəri klub iki baş məşqçi dəyişib. Başa düşürük, “Sabah”ın pulu çoxdu, Premyer Liqanın varlı komandasıdı, kimi istəsə, tutub qolundan gətirə bilər. Amma bu məsələlər çoxlu pulla ölçülmür axı.

Komanda oyunu yoxdusa, yalnız ayrı-ayrı fərdləri şişirdib oyuna çıxarırsansa, səndən komanda olmaz. Hələ oyunçuların yarımçıq fiziki hazırlığını demirəm. Məsələn, K.Renduliçin vaxtında mən ona sual verdim ki, Xəyal Əliyev 45 dəqiqədən sonra tövşəyir, qaça bilmir. O gün də eyni vəziyyətdə idi. Nə vacibdi belə oyunçuları 90 dəqiqə oynatmaq?

Yeri gəlmişkən, iyun ayının 20-dən etibarən “Sabah”ı litvalı mütəxəssis Valdas Dambrauskas çalışdırır. Onunla 3 illik müqavilə bağlanıb. Yaxşı məşqçidi o. Amma əlində yaxşı komanda, oyunçu yoxdu. “Sabah” son iki ayda bəzi transferlər edib və bu məsələdə deyilənə görə, baş məşqçinin təklifləri nəzərə alınıb. O gün oyunda V. Dambrauskas özünü fəda elədi. Berezutskidən fərqli olaraq mediaya xor baxmadı, suallara ətraflı, ürəkdən cavab verdi. Düzdü, uduzmağa görə özünü sındırmadı, amma açıq-aşkar pərt idi adam. 

Məlumat üçün bildirək ki, V.Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub. 

Əslində Premyer Liqanın bu ilki mövsümü başa çatan kimi “Sabah” həm növbəti mövsüm, həm də avroliqa oyunları üçün yay hazırlıq planına başlamışdı. Masazır təmsilçisi iyunun 22-dən iyulun 5-dək Avstriyanın Qrats şəhərində təlim-məşq toplantısında idi. Hazırlıq çərçivəsində iki yoxlama oyunu da keçirdi. İyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə yoxlama oyunu baş tutmuşdu. 

Gələn həftə “Sabah” rəqib ölkəyə cavab görüşünə gedir. “Çelye”nin çox iddialı danışan baş məşqçisi, keçmiş ispan futbolçusu Albert Rieranın komandasının “bayquşlar”ı sıxışdıracağı indidən bəllidi. 

Valdas isə ilk uğursuz oyunun məyusluğunu gizlətməyə belə cəhd göstərmədən ümidli danışır. Bizim gördüyümüz nöqsanları o da görürmü? Görür, əlbəttə. Məsələn, mən qeyri-dəqiq ötürmə və qol atışlarının səbəbini soruşmaq istəyirdim ondan, sualı gözləmədən özü bu məsələyə toxundu. Eyni zamanda, oyunçuların tempindən, dinamikliyindən razı olduğunu əlavə etdi. Neyləsin, ilk oyundu, hələ ümidini itirməyib. 

Temp demişkən, birinci hissədə erkən qollar istər-istəməz “Qurban Qurbanov dəsti-xətti” fikrini adamın beyninə saldı. Valdas jurnalistlərin bu versiyasını qəbul eləmədi. Öz proqramı və taktikası ilə hərəkət etdiyini xüsusi vurğuladı. Kim nə deyir desin, mənim Valdasa ürəyim ağrıdı. Adam peşəkar, işinin ustası. “Sabah”sa onun beynindəki planlara uyğun gəlməyən klub. Bir müddətdən sonra Premyer Liqa başlayanda o, bu pərtliyi daha ağır hiss edəcək. İndidən deyim sizə. 

Bu arada Bank Respublika Arenanı “Sabah” güc-bəla ilə doldurdu. Oyuna bir gün qalmış cəmi 3000 bilet satan klub azarkeş iştirakını təmin etməkçün dəvətnamələrə üstünlük verdi. Yoxsa boş stadionla belə nüfuzlu turnirdə biabır olmaq da vardı.

Tanınmışların stadiondakı o reklamı nəydi siz Allah? Məsələn, MMA döyüşçüsünün xüsusi təqdimatı yersiz deyildimi? Nəyin havasıydı bu?

 Stadionun ümumi tutumu 13 min nəfərdən çoxdu. “Sabah” 5 min nəfəri oraya zorla topladı və sonra məyus yola saldı.

Onsuz da ispansayağı emosional Albert Riera mətbuat konfransında “Sabah”ın ünvanına demədiyini buraxmamışdı, gah bizimkilərdən peşəkar və üstün olduğunun altını basdıra-basdıra söyləmiş, gah da cavab oyunu üçün aqressiv iddialar eləmişdi.

Bu tərəfdən də xorvat azarkeşlərin sayəsində Bank Respublika Arena sosial platformalarda rüsvay oldu. Azarkeşlər stadiondakı sınıq oturacaqları çəkərək aləmə yayıb məsxərəyə qoydular bizi. 

Deməli, nəymiş? 

Pulla ölçülmürmüş bu işlər.

“Hər şey pulun başındadı”, - deməklə olmur.

Varlı klub olmaqda deyil məsələ, demək istəyirəm, yəni.

Bir az da peşəkar olun. Uduzursunuz, canımız sağ olsun. Öz aramızda sizin ayıblarınızı açıb-ağartmarıq. Amma gələn-gedənin yanında biabır eləməyin bizi heç olmasa.

Məndən hələlik, bu qədər.

Zülfiyyə Mustafayeva

 MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
mia.az

1Источники