Avropa İttifaqının (Aİ) Statistika İdarəsi — Eurostat 2025-ci il yanvarın 1-nə olan əhali statistikalarını açıqlayıb. Rəsmi məlumata görə, Aİ əhalisinin ümumi sayı 450,4 milyon nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 1,07 milyon nəfər çoxdur.
Bu, ardıcıl dördüncü ildir ki, Aİ əhalisi artır. Artım əsasən miqrasiya axınlarının yüksəlməsi ilə izah olunur. Qeyd edək ki, 2021-ci ildə pandemiya səbəbindən əhali sayında azalma qeydə alınmışdı. 1960-cı ildən bəri isə Aİ əhalisi ümumilikdə 95,9 milyon nəfər artıb.
Statistikaya əsasən, Aİ-də ən çox əhali yaşayan ölkələr bunlardır:
- Almaniya – 83,6 milyon nəfərlə ümumi əhalinin 19 faizini təşkil edir,
- Fransa – 15 faiz,
- İtaliya – 13 faiz.
Bu üç ölkə birlikdə Aİ əhalisinin təxminən 47 faizini əhatə edir.
Ən az əhalisi olan Aİ ölkəsi isə Maltadır – burada cəmi 600 min nəfər yaşayır.
//Samir Qurbanov, Editor.az