Qaliblər sırasında “İki sahil”in əməkdaşı da var
İyulun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunması mərasimi keçirilib.
Müsabiqə “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan milli mətbuatının yaradılmasının 150 illiyinə həsr olunmuşdu.
Müsabiqənin əsas məqsədi jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, dövlət və cəmiyyət maraqlarının müdafiəsində onların potensialından səmərəli istifadə olunması və yeni jurnalist araşdırmaları üçün imkan yaradılması idi.
Qeyd edək ki, cari ilin 15 aprel tarixindən 15 iyun tarixinədək müsabiqəyə “Konstitusiya”, “Suverenlik” və “Milli mətbuat – 150” mövzuları üzrə məqalələr təqdim olunub.
Müsabiqəyə təqdim edilmiş materiallar Əməkdar jurnalist Flora Xəlilzadə, Bakı Dövlət Universitetinin kafedra müdiri Qulu Məhərrəmli və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan ibarət münsiflər heyəti tərəfindən yoxlanılıb və nəticələrə əsasən qaliblər müəyyən edilib.
Müsabiqənin yekunlarına əsasən I yerin qalibi “Baki-baku.az” xəbər saytının müxbiri Kərimova Böyükxanım Aydın qızı, II yerin qalibi “Kinobiz.az” saytının redaktoru Mehrəliyeva Dilbər Dursun qızı, III yerin qalibi “İkisahil.az” xəbər portalının müxbiri Aslanova Yaqut Ağaşah qızı Baş İdarənin Diplomu və pul mükafatı ilə təltif olunublar.
Müsabiqədə iştirak edən digər iştirakçılara isə Baş İdarə tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.
Yaqut Ağaşahqızı, “İki sahil”