2025-ci ilin ilk 6 ayında ümumi 174 transplantasiya əməliyyatı icra edilib.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, əməliyyatlardan 47-si böyrək 30-u qaraciyər 16-sı sümük iliyi 81-i isə buynuz qişa transplantasiyasıdır. Xidmətlərdən 21-i uşaqlara, 153-ü böyüklərə aiddir.
Açıqlamada qeyd olunub ki, 174 transplantasiya əməliyyatından 21-i uşaqlara , 153-ü böyüklərə aiddir.
“Böyrək transplantasiyası üzrə ümumilikdə 47 əməliyyat həyata keçirilib. Onlardan 1-i uşaq, 46-sı isə böyüklərə aiddir. Qaraciyər transplantasiyası üzrə 30 əməliyyat icra olunub. Bunlardan 4-ü uşaq, 26-sı isə böyüklər üzərində aparılıb.
Sümük iliyi transplantasiyası üzrə 16 əməliyyatın 15-i uşaqlar, 1-i isə böyük şəxs üçün icra olunub. Buynuz qişa transplantasiyası üzrə həyata keçirilən 81 əməliyyatdan 1-i uşaq, 80-i isə böyüklərə aiddir.
Əməliyyatlar daha çox 40-65+ orta yaşlı və yaşlı pasiyentlər üzərində həyata keçirilib”.
Bəs, cari ilin 6 ayında ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında artım varmı?
Rəsmi qurumdan bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur:
“Xüsusilə, ölkədə ilk meyit donordan orqan transplantasiyası hadisəsindən sonra cəmiyyət arasında bu mövzuya diqqət və həssaslıq nəticəsində könüllü donor kimi qeydiyyatdan keçən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb”, - deyə bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media