"İmam Hüseyn Məktəbi - yəni Kərbəla - zamanın fövqündə dayanan, zamandan asılı olmayan bir məktəbdir. Əsrlərdir ki, dünyada xəritələr dəyişir, dövlətlər qurulur və yox olur, yeni qurumlar yaranır və zamanla silinir. Lakin Kərbəla məktəbinin ruhu, nəfəsi bu gün də canlıdır, diridir. Əslində, Kərbəla İslamın təzə, amma daim qanayan bir yarası, dərin bir dərdidir. Üzərindən əsrlər keçsə də, toxunduqda o dərddən hələ də qan axır. Bu baxımdan, Kərbəla ruhunu ixtilaflara, nifaqa, ayrılıqlara çəkməyə və onu bölücülük vasitəsinə çevirməyə heç kimin haqqı yoxdur".
Bu fikirləri ilahiyyatçı Ağa Hacıbəyli Olaylar.az-a açıqlamasında deyib. İlahiyyatçı bildirib ki, müsəlman dünyasında - Hicri qəməri təqvimi ilə - Aşura günü və digər dini mərasimlərlə bağlı bəzi bölgələrdə fərqli tarixlər ola bilər, necə ki, Ramazan ayında da belə fərqlər müşahidə olunur. Lakin bu fərqləri siyasi manevrata çevirmək, ölkələrdə qarşıdurmalara səbəb etmək Kərbəla məktəbinin ruhuna ziddir. Əksinə, Kərbəla bizə dərs verir, ibrət verir. Problem isə ondadır ki, biz bu dərdi hələ də tam anlamamışıq. Anlamadan anlatmağa çalışmışıq. Bu isə çəkişmələrə, parçalanmalara səbəb olub. Ona görə də bu gün dünyanın bir tərəfində Kərbəla, bir tərəfində Kufə hadisəsi yenidən yaşanır. Qurani-Kərimin "Ali-İmran" surəsinin 103-cü ayəsində buyurulduğu kimi: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" - bu ayə Kərbəla məktəbinin əsas sütununu təşkil edir. Biz dərdimiz, kədərimiz və səlimiz (hüzünümüz) ətrafında birləşməliyik. Xüsusən də ağır və hüznlü günlərimizdə bu birliyi daha da möhkəmləndirməliyik. Xalqımızın birliyi, İslamın "vəhdat" prinsipinə daha uyğundur. Kərbəla məktəbi də bizə məhz bu vəhdəti təlqin edir.
İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Azərbaycan dövləti multikultural dəyərlərə hörmətlə yanaşan bir sosial dövlətdir. Bu baxımdan, xalqımızla dövlətin milli və mənəvi dəyərlər ətrafında bir yerdə olması olduqca vacibdir. Bu birlik ruhu kənar müdaxilələrlə pozulmamalıdır. Xüsusən də yeni nəslin bu ruha sadiq qalması üçün bu düşüncəni, bu məfkurəni qorumaq üçün ayıq və sayıq olmaq lazımdır. Bəzən çox sadə və bəsit məsələlər vasitəsilə xalqın birliyinə zərbə vurmaq istəyən qüvvələr ortaya çıxır.
Ümid edirəm ki, ölkəmiz İmam Hüseynin müqəddəs ruhuna uyğun olaraq bu məktəbi - Kərbəlanı - bir dərd, bir vəhdət simvolu kimi yaşadacaq. Çünki burada ayrılığa yox, yalnız birliyə yer var.
Səidə Ramazanova