"Prezident İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla mümkün görüşü, Cənubi Qafqazda davamlı sülh və sabitlik baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bu cür görüşlər tərəflər arasında birbaşa təmasın təmin olunmasına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və illərdir davam edən gərginliklərin mərhələli şəkildə aradan qaldırılmasına real zəmin yaradır: "Bu görüşdə konkret razılaşmalar əldə olunmasa belə, dialoqun davam etməsi özü-özlüyündə müsbət nəticədir. Çünki uzunmüddətli münaqişələrin həllində əsas amillərdən biri tərəflər arasında siyasi iradənin mövcudluğu və qarşılıqlı kommunikasiya kanallarının açıq qalmasıdır. Tərəflər arasında davamlı dialoqun qorunması gələcəkdə sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə və nəqliyyat-kommunikasiya xətlərinin açılmasına zəmin yarada bilər.
Bundan əlavə, belə bir görüş beynəlxalq ictimaiyyətə və regionda maraqlı olan güclərə Azərbaycanın sülh və əməkdaşlıq siyasətinə sadiq olduğunu bir daha nümayiş etdirəcək. Eyni zamanda, bu cür danışıqlar Ermənistan tərəfini də konstruktiv mövqe sərgiləməyə təşviq edə bilər. Nəticə etibarilə, siyasi dialoqun qorunması və davam etdirilməsi Cənubi Qafqazda yeni bir mərhələnin, yəni post-münaqişə dövrünün sabit və təhlükəsiz inkişaf modelinin əsasını qoya bilər".