RU

Silvanus Nimeli “Sumqayıt”a lazım olmadı

Azərbaycan Premyer Liqada yeni mövsümə hazırlaşan “Sumqayıt” liberiyalı hücumçusu Silvanus Nimeli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Gənclik şəhəri” təmsilçisi ilə 26 yaşlı forvard arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, liberiyalı futbolçu ötən ilin yayından “Sumqayıt”ın formasını geyinirdi. Həmin vaxt “Sumqayıt” bu transfer üçün 300 min avro xərc çəkmişdi. Amma bəh-bəhlə gətirilmiş Nimeli bu komandanın heyətində meydana çıxdığı 18 oyunda cəmi 1 qol və 1 assistlə yadda qalıb.

Silvanus Nimeli karyerası ərzində “Karvina”, “Spartak” (Mosvka), “Trineç”, “Banik” (Ostrava), “Qoritsa”, “İlves”, “Solin”, “Surxon” kimi klubların da formasını geyinib.

Nimeli 2013-cü ilin sentyabrında debüt etdiyi Liberiya yığmasının heyətində 10 oyuna çıxsa da, fərqlənə bilməyib.

“Sumqayıt” daha öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov və Bobur Abduholikovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Pedro Pintonu transfer etmiş klub İsa Suliman və Roi Kehatla da yeni müqavilə bağlayıb.

Избранный
31
arena.az

1Источники