Neytral danışıq meydançası olaraq seçilən Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsini və tam ikitərəfli formatda, yəni ki, heç bir vasitəçi olmadan müzakirələr aparmasını həqiqətən də real sülhə doğru mühüm addım kimi, tarixi dönüş nöqtəsi kimi qiymətləndirmək lazımdır. Çünki hazırda tərəflər arasında normal etimad mühiti formalaşıb. Bu gün Bakı ilə İrəvanın vasitəçilər olmadan da bu və ya digər razılaşmalara nail ola bilirlər.
Təsadüfi deyil ki, Azərbaycan XİN-in yaydığı məlumatda da vurğulanır ki, bu gün normallaşma prosesinin ən səmərəli yolu məhz bu cür ikitərəfli, nəticəyönümlü dialoqlardır və tərəflər belə formatın davam etdirilməsində razılığa gəliblər. Bəli, bu xətti davam etdirmək ən doğru seçimdir. Vasitəçisiz danışıqlar Ermənistan-Azərbaycan sülh prosesi üçün ən səmərəli formatdır. Xüsusən də Rusiya kimi təxribatçı, destruktiv vasitəçilərin olmadığı danışıqlardan daha çox müsbət nəticələr əldə etmək mümkündür. Əbu-Dabidə əldə edilən ilkin nəticələr də onu göstərir ki, Rusiyanın olmadığı hər işdə və hər yerdə doğrudan da həm qarşılıqlı anlayış var, həm də tərəqqi üçün şans var.
Beləliklə, bu gün Ermənistan tərəfi də tam olaraq anladı ki, vasitəçilərin arxasında gizlənmək dövrü artıq geridə qalıb və ikitərəfli danışıqlar yekun sülhə nail olmaq üçün ən əlverişli formatdır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 5 saata yaxın davam edən birbaşa görüşün uğurlu keçməsi, tərəflərin mövqelərini yaxınlaşdırması bu kontekstdə mühüm siyasi hadisədir. Əbu-Dabi görüşü dünya birliyi tərəfindən də Azərbaycan-Ermənistan sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir. Çünki görüş zamanı məhsuldar müzakirələr aparıldı, gündəlikdəki bütün məsələlər ətraflı şəkildə nəzərdən keçirildi, tərəflər mövqelərini xeyli dərəcədə yaxınlaşdırmağa nail oldular və ən əsası isə, müxtəlif səviyyələrdə intensiv dialoqu davam etdirmək, prosesi məntiqli sonluğa çatdırmaq üçün müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə təmaslar qurmaq barədə razılığa gəlməyi bacardılar.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ev sahibliyi etdiyi və kifayət qədər konstruktiv atmosferdə keçən bu görüş zamanı sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparıldı. Bu isə sülh prosesinin sürətləndirilməsi deməkdir. Ona görə də Əbu-Dabi görüşünə Azərbaycan-Ermənistan münasibətlərində açılan yeni səhifə kimi baxmalıyıq. Proseslər Azərbaycanın cızdığı “yol xəritəsi” üzrə davam edir. Prezident İlham Əliyevin ardıcıl və prinsipial diplomatiyası mübət nəticələr verir. Əbu-Dabi görüşü Azərbaycanın bu prosesdə aparıcı tərəf olduğunu göstərməklə yanaşı, həm də tərəfləri yekun sülhə doğru bir addım da yaxınlaşdırdı.
Əbu-Dabidəki 5 saatlıq tarixi görüş sülh gündəliyini real nəticəyə bir addım da yaxınlaşdırdı. Eyni zamanda, konstruktiv şəraitdə keçən bu müzakirələr bir daha göstərdi ki, Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin formalaşması ilk növbədə region ölkələrinin öz iradəsindən asılıdır. İlham Əliyev Əbu-Dabidə Nikol Paşinyana dayanıqlı sülhün gətirəcəyi imkanları göstərə bildi. İdman şərhçilərinin dili ilə desək, indi top Ermənistan tərəfdədir. Paşinyan artıq anlamalıdır ki, “sülhsevər”lik imitasiyası ilə məşğul olmaq zamanı bitdi. İndi Ermənistan yekun sülhə doğru real addımlar atmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri