RU

Valideynlər seçim qarşısında: Rus bölməsi, yoxsa Ana dili?

Keçdiyimiz gün Emin Əmurullayev Azərbaycanda rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. Bu açıqlamaya qədər cəmiyyətdə rusdilli məktəblərin bağlanmasını dəstəkləyən fikirlər üstünlük təşkil edirdi. Hətta bir çox valideyn artıq övladlarının gələcək təhsili ilə bağlı qərarını vermişdi. İndi isə bu məktəblərin fəaliyyətini davam etdirəcəyi məlum oldu.

Bütün bunlardan sonra sual yaranır: bu vəziyyət yenə də rusdilli məktəblərə marağın azalmasına səbəb olacaqmı?

AzEdu.az mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ilə həmsöhbət olub.

164239Onun sözlərinə görə, vəziyyət onu göstərdi ki, ictimai rəyin idarə olunması, informasiya axınının şəffaf və zamanında verilməsi təhsilin davamlılığı və sabitliyi baxımından olduqca vacibdir:

"Bu məsələ ətrafında yaranan ictimai müzakirələr bir daha göstərdi ki, dil məsələsi təkcə təhsil kontekstində deyil, həm də sosial, mədəni və ideoloji kontekstlərdə qiymətləndirilməlidir. Rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlar, ardınca isə nazirliyin bu iddiaları təkzib etməsi cəmiyyətin bu məsələyə necə həssas yanaşdığını nümayiş etdirdi. Təbii ki, bu tip informasiyalar valideynlərin və ümumilikdə ictimaiyyətin təhsil planlamalarına təsirsiz ötüşmür".

"Son illərdə Azərbaycan cəmiyyətində milli kimlik, dilin qorunması və təhsildə ana dilinin rolu ilə bağlı ictimai şüur artmaqdadır", deyə müsahibimiz qeyd edib:

"Bu kontekstdə bir çox valideynlər üçün övladlarını rus bölməsində oxutmaqla bağlı qərarlar əvvəlki illərlə müqayisədə daha düşünülmüş şəkildə verilir. Bəzi valideynlər artıq bu sahədə dönüş etmiş, uşaqlarını Azərbaycan bölməsinə yönəltmiş və bu qərarı dəyişmək niyyətində olmadıqlarını bildirmişlər. Deməli, yayılan məlumatlar hər nə qədər rəsmi təsdiqini tapmasa da, ictimai fikrin yönünü müəyyən qədər dəyişib. Bu isə göstərir ki, belə məsələlərdə cəmiyyətin reaksiyası təkcə faktlara deyil, həm də gözlənti və təcrübəyə əsaslanır".

Ekspert bildirib ki, rus bölmələrinə marağın tamamilə yoxa çıxacağını demək də doğru olmaz:

"Rus bölməsi hələ də bir sıra valideynlər üçün alternativ pedaqoji yanaşmalar, bəzi fənlərin daha dərindən öyrədilməsi və gələcəkdə rusdilli ali məktəblərə hazırlıq baxımından əhəmiyyətli görülə bilər. Üstəlik, rus dilini beynəlxalq kommunikasiya vasitəsi kimi görən və bu dili öyrənməyin əlavə üstünlüklər gətirəcəyini düşünən valideynlər və şagirdlər az deyil.

Bütün bunların fonunda isə əsas sual belə formalaşmalıdır: Azərbaycan təhsil sistemi milli dəyərləri qorumaqla yanaşı, cəmiyyətin müxtəlif təhsil gözləntilərinə necə cavab verə bilər? Bu suala cavab vermək üçün həm milli maraqlar, həm də pedaqoji-plüralizm prinsipindən çıxış edilməlidir. Vəziyyət onu göstərdi ki, ictimai rəyin idarə olunması, informasiya axınının şəffaf və zamanında verilməsi təhsilin davamlılığı və sabitliyi baxımından olduqca vacibdir. Belə yanaşma yalnız qərarların qəbulundan sonra deyil, bu qərarlara aparan proseslərin hər mərhələsində təmin edilməlidir.

Nəticə etibarilə, rus bölmələrinin fəaliyyətinin davam etdiriləcəyi açıqlansa da, artıq formalaşmış ictimai yanaşma bu bölmələrə marağın əvvəlki səviyyədə olmamasına səbəb ola bilər. Bu da təhsil siyasətində daha dolğun və inklüziv yanaşmaların vacibliyini önə çıxarır".

Избранный
18
azedu.az

1Источники