"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı dəqiqləşib.


Rekord.az xəbər verir ki, "ağ-qaralar"ın Türkiyə təmsilçisi "Fomget"lə turnirin 1-ci təsnifat mərhələsinə təsadüf edəcək matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək.


Görüş iyulun 30-da "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.