RU

Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm layihə

“Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanan Anlaşma Memorandumu Bakı-Pekin münasibətlərinə yeni dinamika qazandıracaq

Perspektivdə Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı-Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir.

Azərbaycanın artan nəqliyyat-logistika cəlbediciliyi

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprel ayında  Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın geniş gündəliyində qarşılıqlı əməkdaşlıq əlaqələrinin prioritet istiqamətəri göstərilib. Belə istiqamətlərdən biri də nəqliyyat-logistika seqmentidir. Sənəddə vurğulandığı kimi, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.  Strateji önəm daşıyan bəyanatın yeddinci bəndində oxuyuruq: “Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər”.

“Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında yuxarıda bəhs etdiyimiz Anlaşma Memorandumu da Birgə Bəyanatın müddəalarına uyğun olaraq imzalanıb. Çin nəhəng ölkədir, böyük iqtisadiyyata malikdir, buradan dünyanın dörd bir tərəfinə yüklər göndərilir. Belə bir nəhəng ölkənin Azərbaycanla nəqliyyat-logistika seqmenti üzrə sıx əməkdaşlığı özünün prioritetlərindən biri kimi müəyyənləşdirməsi və respublikamızın da bu istəyə məmnuniyyətlə qarşılıq verməsi isə təsadüfi deyil. Bu, ölkəmizin reallıqları, daha dəqiq ifadə etsək, nəqliyyat - logistika cəlbediciliyi ilə bağlıdır.  Hazırda qlobal miqyasda müşahidə ediən geosiyasi və geoiqtisadi proseslər fonunda  Avrasiya coğrafiyasında alternativ nəqliyyat bağlantlarına tələbat heç vaxt olmadığı qədər artıb. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi Şimal, İranın bir qədər bundan əvvəl cəlb olunduğu 12 günlük müharibə Cənub marşrutlarının funksionallığına ciddi təsir göstərib. Ölkələr və daşıma şirkətləri daha təhlükəsiz marşrutlar axtarışındadırlar.

Belə bir şəraitdə nəzərlər Avrasiyada nəqliyyat bağlantıları və tranzit daşımaları nöqteyi-nəzərindən son dərəcə əlverişli coğrafi yerləşməyə malik Azərbaycana dikilir. Çünki Avrasiyada Şərqdən Qərbə, Şimaldan Cənuba və orta xətt üzrə şaxələndirilmiş nəqliyyat dəhlizlərinin keçdiyi və onların optimal marşrutlarla bir-biri ilə əlaqələndirildiyi yeganə ölkə Azərbaycandır. Lakin respublikamıza üstünlük qazandıran yalnız əlverişli coğrafi yerləşmə deyil. Azərbaycanın Avrasiyada əvəzolunmaz nəqliyyat-logistika habına çevrilməsini şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, ölkə ərazisində Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün marşrutlar  üzrə müasir infrastruktur qurulub - yüksək standartlar səviyyəsində avtomobil və dəmir yolları çəkilib, hava nəqliyyatı parkı, dəniz donanması gücləndirlib, Xəzər regionunda ən böyük gəmiqayırma zavodu , ən böyük liman istifadəyə verilib, bölgələr də daxil olmaqla yeni beynəlxalq səviyyəli aeroportlar tikilib.

Digər tərəfdən Azərbaycan uzunmüddətli daxili sabitliyə malikdir. Cəmiyyətimiz tolerantdır. Eyni zamanda, qonşu dövlətlərlə yaxşı münasibətlər qurması, daim həmrəylik və əməkdaşlıq təşəbbüslərindən çıxış etməsi də ölkəmizin nəqliyyat-logistika cəlbediciliyini artırır.

BTQ-nin potensialının artırılması üzrə razılaşma

“Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumunda əsas diqqət həmçinin, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı-Tbilisi-Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.

Azərbaycanın moderatorluğu ilə inşa olunan BTQ dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Bu dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq onu iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. BTQ-nin uzunluğu təxminən 850 kilometrdir ki, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Artan tələbat nəzərə alınmaqla yenə də Azərbaycanın təşəbbüsü və ivestisiyaları hesabına BTQ-də mühüm yenidənqurma işləri görülüb. Belə ki, 2023-2024-cü illərdə ADY tərəfindən  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bununla da BTQ-nin illik ötürücülük imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır. Qarşıya qoyulan hədəflər fonunda Bakı-Tbilisi-Qars  Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilməkdədir. 

Bundan başqa, güclü dövlət olan Azərbaycan liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.

Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq.

Mübariz FEYİZLİ

Избранный
7
1
yeniazerbaycan.com

2Источники