RU

O, İLHAM ƏLİYEVDİR!

10 noyabr 2020-ci ildə məlum Üçtərəfli Bəyanat imzalanmışdı - virtual imzalanma mərasimində iki lider görünürdü, üçüncü liderin öz imzasını harada və necə atdığı bir xeyli ironik rəy də doğurmuşdu…

10 iyul 2025-ci ildə Abu-Dabidə masa arxasında yenə iki lider vardı. 5 il öncənin payızında da, indinin yayında da Prezident İlham Əliyev masa arxasındaydı. Sözü imzası qədər keçərli liderin iştirakıyla virtual imzalanma masasından 5 il sonra qurulan Abu-Dabi masasında nə danışıldığını bilməmiş ola bilərik; ancaq bildiyimiz bir həqiqət var: İlham Əliyev mümkün olan ən yüksək nəticə üçün oradaydı; o, dövlət çıxarlarımızı yüksək səviyyədə qoruyub və milli mənafemizə uyğun gəlməyən heç bir təşəbbüsü təklifə çevrilməyə, yazıya keçməyə qoymayıb! O, İlham Əliyevdir - siyasi iradəsi, yüksək diplomatik ustadlığı, dünyanın ən təcrübəli dövlət xadimlərindən biri olması və Qalib Azərbaycanı təmsil etməsi bizə Gün kimi aydındır! Görüşün “bismillah”ına dair bir neçə saniyəlik video-materialdan da göründüyü üzərə, İlham Əliyev keçmiş işğalçının bütün dövlət ərkanından, keçmiş və bugünkü ictimai-siyasi xadimlərinin toplamından üstün, çevik davranış imkanlarına malikdir. 5 il öncəki müharibəni əks-hücumla, 2 il öncəki anti-terroru - adından da göründüyü kimi - terror qarşılığında başladan Prezident Əliyev, Barış Görüşünə birinci gəlmişdi. - Sanki diplomatik jestlərlə də, bilavasitə də, beynəlxalq ictimaiyyətə “Biz buradayıq!” deyirdi. Bu, qalibiyyəti eqoya yox, ləyaqətə xidmət edən Azərbaycanın dövlətçilik təcrübəsini, siyasi iradəsini və qabaqcıllığını, öncüllüyünü nümayiş etdirir.

Bəli, Azərbaycanın çağdaş tarixində 10 noyabr 2020-ci il nəinki bir müharibənin sonu, həm də yeni dönəmin – Qalib Azərbaycanın yaratdığı yeni gerçəkliklərin (həqiqətin!) başlanğıcı oldu. Həmin tarixdən 2025-ci ilin 10 iyuluna qədər keçən zaman kəsimi, Prezident İlham Əliyevin liderliyində ölkəmizin hərbi Zəfərdən mədəni və diplomatik zirvələrə doğru ardıcıl yüksəlişini nümayiş etdirir.

Zəfərin simvoluna çevrilmiş Şuşa – yalnız bir şəhər deyil, həm də Azərbaycan ruhunun, mədəniyyətinin, tarixi kimliyinin əzəli ünvanıdır. 2020-ci ilin 8–9 noyabrında qəhrəman əsgərlərimizin şücaəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə işğaldan azad edilən Şuşa, 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatla rəsmi şəkildə qələbənin möhürünə çevrildi. Həmin gündən sonra Azərbaycanın tarixində yeni mərhələ – bərpa, quruculuq və diplomatik gerçəkliklərin yenidən formalaşdırılması sürəci başladı.

Azərbaycanın bəngü Mədəniyyət Paytaxtı olan Şuşa, Türk dünyasının, İslam dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdı; yenə paytaxt statusundadır, gələn il (İqtisadi Əməkdaşlıq Təşkilati ilə bağlı) statusu olacaq, yəqin növbəti illərdə də… İndi onunla Xankəndi və Laçının xoşməramlı paytaxtolma yarışını da qürurla, doğmalıqla izləməkdəyik.
Şuşa 5 il öncəki qurtuluşu ilə təkcə fiziki olaraq deyil, mənəvi və ruhani cəhətdən də dirçəldi. Burada keçirilən festivallar, konfranslar, teatr nümayişləri, beynəlxalq forumlar Şuşanı təkcə Azərbaycanın yox, Qafqazın, yaxın-uzaq coğrafiyanın da mədəniyyət ocaqlarından biri kimi tanıdır.

“Şuşa Bəyannaməsi”nin imzalanması isə bu şəhərin siyasi statusunu da yeni mərhələyə qaldırdı. - Azərbaycan və Türkiyə Prezidentlərinin 15 iyun 2021-ci ildə imzaladığı həmin sənəd, iki qardaş ölkə arasında bağların strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmi şəkildə təsdiq etdi. “Şuşa Bəyannaməsi” həm də bölgədə yeni geosiyasi koordinatların müəyyənləşdirilməsi, barışa, dialoqa əsaslanan güc dəngəsinin qurulması yolunda önəmli addım oldu.

Bu müddətdə bölgəsəl məkan öz yerində, Azərbaycan eyni zamanda qlobal məkanda da ciddi aktora çevrildi. 2024-cü ilin noyabrında keçirilən COP29 Zirvə Toplantısı Azərbaycanın qlobal iqlim siyasətində fəal oyunçu kimi qəbul edilməsinin təcallasıydı. Bu tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi ismarıclar, özəlliklə bərpaolunan enerji ilə bağlı təşəbbüslər, dünyanın diqqətini Azərbaycanın dayanıqlı gələcək quruculuğundakı roluna yönəltdi. Bakı COP29-un qürurlu evyiyəsi oldu, “Yaşıl enerji” xəritəsindəki mərkəzlərdən birinə çevrildi.

Və nəhayət, bu tarixi yüksəlişin yeni mərhələsi – 2025-ci ilin iyulunda Abu-Dabi görüşləri ilə davam etdi. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla imzaladığı “Əhatəli İqtisadi Tərəfdaşlıq” Sazişi Azərbaycanın enerji, texnologiya, ticarət və yatırım sahələrində yeni strateji tərəfdaşlıq üfüqləri açdığını sübut etdi. Bu, Doğuyla Batı arasında körpü rolunu oynayan Azərbaycanın Ərəb dünyası ilə bağlarının yüksələn xətlə inkişafına da zəmin yaratdı.

10 iyulda isə ilk dəfə olaraq, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropadan, ilk növbədə Rusiyadan qıraqda, məhz BƏƏ paytaxtında bir masa arxasında əyləşdi. Bu görüş, Azərbaycanın barış təşəbbüslərinin yalnız bölgəsəl deyil, həm də qlobal müstəvidə tanındığını, dəstəkləndiyini göstərdi. Azərbaycan artıq diktə edən tərəfdir – həm ərazisində, həm bölgəmizdə, həm də Abu-Dabidəki danışıqlar masasında.

Bu beş illik yol – 10 noyabrdan 10 iyula, Şuşadan Abu-Dabiyə – bir dövlətin təkcə torpaq deyil, eyni zamanda ruh, mədəniyyət, diplomatiya və strateji baxış, irəli baxış sahəsində qazandığı qələbələrin simvolik xəritəsidir. Bu, Zəfərdən sabaha, tarixdən gələcəyə aparan yoldur.

Prezident İlham Əliyev bu yolun memarıdır – Zəfərlə başlayan, mədəniyyətlə bəzənən, enerji ilə güclənən və sülhlə taclanan ulu yolun!
Şuşa ilə qürur,
Bakı ilə güc,
Abu-Dabi ilə gələcək quruculuğu –
bax, bu üçlük Azərbaycanın gələcəyinin əsas sütunları kimi yorumu haqlı edir. Gələcək özü gəlmir - onu yaradır və gətiririk!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Избранный
4
musavat.com

1Источники