RU

Kürəkəni ilə məhkəmədə üz üzə 14 milyon manat hara uçdu?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdirilib.

Bakıvaxtı.az musavat.com-a istinadla xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus "Atlant" Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı "Atlant" istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxs kimi iştirak edir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.

Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq. Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə daha bir vəkil qoşulub. Ceyhun Yusifov ötən prosesdə çıxış edərək iş materialları ilə tanış olmaq üçün vaxt istəmişdi. Hakim vəkilin xahişini nəzərə alıb.

Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" istirahət mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi. Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu 10 gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, qayınatası olan "Atlant"ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!" Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib. Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir.

Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" istirahət mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllıqları məhv edib, 800-dən çox ağacı kəsib.

Hakim Tahir Qədəşovun əməllərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.

Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev "Təbriz" MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm "Təbriz" MTK-da, həm də "Atlant" Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir.

Vətəndaşlardan "Təbriz" MTK üzərindən alınan pullar "Atlant" Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, aparılan istintaqla "Təbriz" MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.

"Atlant" Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İstirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
4
bakivaxti.az

10Источники