RU

Bu il keçirilən sertifikasiya imtahanının NƏTİCƏLƏRİ - STATİSTİKA

2025-ci ildə ümumilikdə təxminən 19 min müəllim ilk dəfə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə cəlb olunub.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2025-ci il üzrə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, Azərbaycan dili və ibtidai sinif fənləri üzrə iştirak edən müəllimlərin əksəriyyəti uğur qazanıb.

Belə ki, Alman dili müəllimləri arasında iştirak edən 19 nəfərin hamısı imtahandan uğurla keçib və bu fənn üzrə uğur faizi 100, orta bal isə 41 olub.

Azərbaycan dili müəllimlərinin 97 faizi uğur qazanıb, yalnız 3 faizi təkmilləşdirməyə ehtiyac duyub. Bu fənn üzrə 37 nəfər iştirak edib və orta bal 47 təşkil edib.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə uğur faizi 85, təkmilləşdirməyə ehtiyac duyanların faizi isə 15 olub. Bu sahədə imtahana qatılan 589 nəfərin orta balı 38-dir.

Fransız dili üzrə nəticələr nisbətən zəif olub. Belə ki, iştirak edən 14 nəfərin 21 faizi imtahandan keçə bilməyib, orta bal 38-dir.
Ən çox iştirakçı sayı ibtidai sinif müəllimlərinə aiddir. 810 nəfərdən ibarət bu qrupun 92 faizi uğur qazanıb və bu fənn üzrə ən yüksək orta bal 48 qeydə alınıb.

İngilis dili müəllimlərinin 91 faizi uğur əldə edib, 9 faizi isə təkmilləşdirməyə ehtiyac duyub. İştirakçı sayı 615 nəfər, orta bal 46 olub.
Riyaziyyat müəllimləri arasında uğur faizi 88, iştirakçı sayı 547 nəfər, orta bal isə 45-dir.
Rus dili müəllimlərinin 97 faizi sertifikasiya mərhələsini keçib. 147 nəfərin iştirak etdiyi bu fənn üzrə orta bal 44 olub.
Rus dili və ədəbiyyatı üzrə isə 50 nəfər imtahan verib, onlardan 94 faizi uğur qazanıb və orta bal 45 təşkil edib.

 

Bu il ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunan fənlər üzrə də nəticələr açıqlanıb.


Belə ki, biologiya fənni üzrə 3 436 nəfər iştirak edib, onlardan 83 faizi uğur qazanıb və orta bal 43 olub. Kimya müəllimlərinin 85 faizi keçid balını toplayıb, iştirakçı sayı 2 509 nəfər, orta bal 41-dir. Fizika üzrə iştirak edən 3 541 nəfərin 88 faizi müvəffəq olub, orta bal isə 45 olaraq qeydə alınıb. Coğrafiya fənni üzrə 3 419 nəfər arasında uğur faizi 90, orta bal 46 olub. İnformatika müəllimlərinin 86 faizi sertifikasiyadan uğurla keçib, iştirakçı sayı 3 355 nəfər, orta bal 43-dür.

Bu il üzrə sertifikatlaşdırma nəticələri göstərir ki, ümumilikdə müəllimlərin böyük əksəriyyəti test mərhələsini müvəffəqiyyətlə keçib. Azərbaycan dili və ibtidai sinif fənləri üzrə nəticələr nisbətən yüksək olsa da, bəzi sahələrdə xüsusilə Fransız dili və Azərbaycan dili və ədəbiyyat üzrə keyfiyyət fərqləri müşahidə olunur. Yeni cəlb olunan fənlər üzrə nəticələr isə müəllimlərin bu sahələrdə də peşəkar potensiala malik olduğunu ortaya qoyur.

Bununla yanaşı, təkmilləşdirməyə ehtiyac duyan müəllimlər üçün əlavə dəstək və təlim proqramlarının təşkili vacib görünür. Təhsildə keyfiyyətin əsas təminatçısı olan müəllimlərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi baxımından bu cür qiymətləndirmələrin davamlı və sistemli şəkildə həyata keçirilməsi təhsil strategiyasının mühüm istiqamətidir.

Избранный
23
azedu.az

1Источники