RU

Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ    

2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qəbiristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib.

Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" adlanan qəbiristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib.

Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Referans Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib. Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb.

İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib:


"Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbiristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm. Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.

Səyyad bir neçə metr kənarda olan yerdəki kürəyi götürüb, növbəti dəfə üzərimə hücum etdi. Mobil adlı əmim oğlu aramıza girəndə, Səyyadın ilk zərbəsi ona dəydi. Aldığı zərbə nəticəsində o da yerə yıxıldı. Özümü müdafiə etməkdən ötrü yanımda olan oraqla Səyyadı bir neçə dəfə vurdum. Zərbə qardaşımın boğaz nahiyəsinə dəydi. Bundan sonra qaçaraq, avtomobilə əyləşdim və hadisə yerindən uzaqlaşdım".

Siyavuş İsmayılov qeyd edib ki, ata mülkindən pay bölgüsü almaq üçün məhkəməyə müraciət etməyib:

"Anam, bacılarım və xalam paydan məhrum qalmışıq. Əmim oğluna Səyyadla danışmasını xahiş etdim. Dedim ki, onkoloji xəstəyəm, əgər ev satılıbsa, mənim də haqqımı versin. Dəfn mərasimində Səyyadın olduğunu əvvəlcədən bilsəydim, ora bir bəhanə ilə getməzdim. Qəbiristanlığa gedərkən üzərimdə hər hansı alət yox idi".

Şahid Əlövsət Qəmbərov ifadəsində göstərib ki, Siyavuş və Səyyad İsmayılovlar onun qardaşının qayınlarıdır:

"Sentyabrın 7-də dəfn mərasimi keçirilərkən, arxadan səs-küy gəldiyini eşitdim. Həmin istiqamətdə arxaya baxanda Səyyadla Siyavuşun mübahisə etdiklərini gördüm. Səyyad Siyavuşa kürəklə, Siyavuş isə qardaşını oraqla vurdu. Kömək etmək üçün Səyyadı arxadan əllərimlə tutub saxladım ki, yıxılmasın. Boğazından təzyiqlə qan axırdı. O, hadisə yerində keçindi. Onların nəyə görə mübahisə etdiklərini bilmirəm".

Məhkəmə iclasında Siyavuş İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə Siyavuş İsmayılovun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.

Məhkəmə qənaətə gəlib ki, Siyavuş İsmayılovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunub. Odur ki, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum olunub.  

Избранный
5
14
referans.az

10Источники