RU

"Sözün həqiqi mənasında teatr adamı idi"

O adamlar böyük sənətkar olurlar ki, şəxsi həyatlarında yaşadıqlarını - kədəri, sevinci, hətta arzularını, xəyallarını belə sənətə çevirə bilirlər. O, 1940-cı il iyulun 31-də Bakıda dünyaya göz açıb. Gözünü açar-açmaz yalnız Bakının yox, zamanın qaynar havası sanki onu ağuşuna alıb. 

Müharibənin ağrı-acısı, zamanın çətinlikləri, ailə qayğıları müharibə dövrünün uşaqlarını vaxtından əvvəl yetişdirirdi. "Tez böyüyən olur müharibə uşaqları. Sənət yoldaşları deyirlər ki, sakit, həlim təbiətli, qətiyyətli, uzaqgörən adam idi Vaqif Əliyev. Dostları, onu tanıyanlar aktyoru qısaca belə xarakterizə edirlər: "Ondan sözü kəlbətinlə çəkib alardın. Həyatda qaradinməz, səbirli, sənətində işinin peşəkarı idi". 

Söhbət görkəmli teatr və kino aktyoru, Xalq artisti Vaqif Məzahir oğlu Əliyevdən gedir. Vaqif Əliyev Bakıdakı 199 saylı orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından teatra maraq göstərib, dram dərnəklərinə gedib. Aktyorun sənət yoldaşı, Teatr Xadimləri İttifaqının sədr müavini, professor Azad Şükürov Vaqif Əliyev haqqında belə deyirdi: "Vaqif Əliyev çox maraqlı adam, gözəl də aktyor idi. Səmimi münasibətimiz var idi. Hərdən oturub söhbət edəndə zarafatla deyərdi ki, mən səhnəyə çıxanda sən hələ dünyaya gəlməmişdin. Bu məsələdə o, tamamilə haqlı idi. Mən 1959-cu ildə anadan olmuşam. Vaqif müəllim isə səhnə həyatına 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında başlayıb".

Xatırladaq ki, Vaqif Əliyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənətkar yaradıcı fəaliyyətinə 1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında başlayıb və 33 il bu sənət ocağında çalışaraq 100-dən artıq tamaşada müxtəlif obrazlara səhnə ömrü verib. Səhnə fəaliyyətinə görə  "Əməkdar artist" fəxri adına layiq görülüb.

Azad Şükürov daha sonra əlavə etmişdir: "Vaqif Əliyev aktyorluq sənətinə kütləvi səhnələrdə çıxış etməklə başlayıb. Sonra epizodik rolların ifaçısı kimi  səhnəyə çıxıb. Onun fəaliyyətinin böyük bir dövrü Sumqayıt Dövlət Dram Teatrı ilə bağlı olub. Bakı Bələdiyyə Teatrı artıq 7 il idi ki, fəaliyyət göstərirdi. O zaman, yəni 2000-ci ildə Amaliya xanım Vaqifi bizim teatra dəvət etdi və bir yerdə çalışmalı olduq. Bir neçə tamaşada tərəf-müqabili də olmuşuq. "Nadir Şah"da  Kəndli obrazını Vaqif, Nadir Şahı mən, Cəfər Cabbarlının "Dönüş" əsərində Şövqü Sapandı, "Ölülər"ərdə Məşədi Orucu, Əziz Nesinin "Tənha qadınlar"ında - Qazabaxan, A.Babayevin "Oğul"unda Qəzənfər, A.Məmmədovun "Dəli Domrul"unda - Ata, N.Hikmətin "Damokl qılıncı"nda Kar, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ində Seyidağa, S.Rəşidinin "Mənim Ərdəbilim"də Əmir, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ində Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"da Rus Zabiti, A.Qurbaninin "Türk sancağı"nda Ağsaqqal, H.Cavidin "İblis"ində Xaxam rollarını məharətlə yaradaraq tamaşaçıların rəğbətini qazanıb.

Professor Azad Şükürov onu da vurğuladı ki, Vaqif Əliyev həm də çox gözəl yol yoldaşı olub: "Biz Vaqif Əliyevlə Türkiyədə, İranda qastrol səfərlərində olmuşuq. Birlikdə cəbhə bölgələrinə gedib əsgərlərimiz qarşısında çıxışlar etmişik. Vaqif həm sənətkar, həm də vətəndaş olaraq böyük insan, alicənab, Vətənə bağlı ziyalı idi. Qarabağ problemini sanki öz şəxsi dərdi hesab edirdi. Teatrımızın 10 illiyində - 2002-ci ildə Vaqifin əməyi  dövlət tərəfindən yüksək qiymətləndirilərək ona Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verildi. Vaqif Əliyev xarakterik, maraqlı, sadə bir aktyor idi. Ona hansı rolu versəydin, sözsüz-söhbətsiz ifa edərdi. Qəti özünü qabağa versin, "gözə girməyə" çalışsın, söz-söhbət yaratsın, bunu onda görmək olmazdı. Sözün həqiqi mənasında teatr adamı idi. Sadə, görkəmli, reklamı sevməyən, iddiasız bir insan idi".

Vaqif Əliyev həm də kino aktyoru kimi kinosevərlərin yaddaşında qalıb. Aktyor "Ağ atlı oğlan", "Yük", "Biz qayıdacağıq" filmlərində, eləcə də "Mozalan" satirik jurnalında rəngarəng obrazlar yaradıb.

Görkəmli səhnə ustası Vaqif Əliyev 2001-ci ildə 81 yaşında ürək xəstəliyindən vəfat edib.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
8
azerbaijan-news.az

1Источники