Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına təkan verir. Prezident İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı bu, bir daha vurğulanıb.
Görüşdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və perspektiv layihələr müzakirə edilib. SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti), həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirilib.
Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb. Neft-qaz sahəsində uzun müddətdir tərəfdaşlıq etdiyimiz onlarca şirkət var. İndi onların sayı "yaşıl enerji" layihələrindəki birgə iş sayəsində daha da artır. Bərpaolunan enerji hədəflərimizi bir sıra dünyaşöhrətli şirkətlərlə reallaşdırırıq ki, bunlardan da biri BƏƏ-nin "Masdar" şirkətidir.
Bu şirkətlə tərəfdaşlığın tarixi qısa olsa da, görülən işlərin nəticəsi hər iki ölkəyə məmnunluq gətirir. Belə ki, 2023-cü il oktyabrın 26-da şirkətin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Elə bu stansiyanın açılış mərasimi çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Azərbaycan Hökuməti və "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir.
Keçən il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı günü eyni zamanda sözügedən stansiyaların təməli qoyuldu. "Bakı-Ekspo" Mərkəzində təməlqoymadan əvvəlki çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, "bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və "Masdar" "yaşıl enerji"yə keçid sahəsində ən öndə gedən şirkətdir".
"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız "Masdar" şirkətinin Azərbaycandakı fəaliyyəti COP29-da da vurğulandı. Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkdi.
Qeyd edək ki, "Masdar" dünyanın ən sürətlə inkişaf edən bərpa-olunan enerji şirkətlərindən biridir. Şirkət 2030-cu ilədək 100 QVt-lıq bərpaolunan enerji portfeli yaratmağı və "yaşıl hidrogen" istehsalında da öndə olmağı hədəfləyir. Qlobal təmiz enerji lideri kimi "Masdar" günəş, külək, geotermal, enerjisaxlama batareyası və "yaşıl hidrogen" sahələrində layihələr həyata keçirərək, enerji keçidini sürətləndirməyə çalışır. 2006-cı ildən etibarən 40-dan çox ölkədə layihələrə sərmayə qoyan şirkət təmiz və sərfəli enerji təminatına töhfə verir. Onun fəaliyyət göstərdiyi ölkələr sırasında BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqaları var. "Masdar"ın ölkəmizlə də əməkdaşlığının perspektivlərinin böyük olduğu şəksizdir.
ADNOC da yaxın tərəfdaşımızdır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağı layihəsində sanballı iştirak payına malikdir. Əslində, ADNOC bir çox sahəni əhatə edən böyük kampaniyadır. Belə ki, onun müxtəlif ölkələrdə quru və dəniz yataqlarında neft və qaz hasilatı ilə, qazma, emal, daşıma, alqı-satqı ilə məşğul olan bir çox şirkəti var. ADNOC Azərbaycanla enerji keçidi sahəsində də fəaliyyət göstərmək fikrindədir.
Beləliklə, BƏƏ ilə "yaşıl enerji" tərəfdaşlığımızın tarixi qısa, nəticələri diqqətəlayiq, perspektivləri böyükdür.
Flora SADIQLI,
"Azərbaycan"