RU

Uğurlu və səmərəli əməkdaşlıq

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirdiyi "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir

"Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bir çox sahədə əlaqələr mövcuddur. Enerji sahəsində əməkdaşlıq isə xüsusi qeyd olunmalıdır. 2023-cü ildə SOCAR ilə Əbu-Dabi Milli Neft şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi bağlanıb. Müqavilə Dubayda keçirilən COP28 tədbiri çərçivəsində imzalanıb".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, alternativ enerjidən istifadə edilməsi məqsədilə ölkələrimizin birgə həyata keçirdiyi "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir. BƏƏ-nin "Masdar" şirkəti ölkəmizdə nəhəng günəş elektrik stansiyası qurub ki, bu, MDB-də ən böyük GES-dir. "Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübə mübadiləsi də COP29-un uğurlu təşkilati məsələlərinə töhfə verib. Üçlük formatında "COP28-COP30" - BƏƏ, Azərbaycan, Braziliya üçlüyünün qrupu yaradılib ki, bu da iqlim dəyişmələri ilə mübarizə sahəsində uğurlu əməkdaşlığın artırılmasına xidmət edir. Həmçinin bu formatla təkcə ekologiya sahəsində deyil, eyni zamanda mədəniyyət, səhiyyə, təhsil, iqtisadiyyat, hətta qeyri-hökumət təşkilatlarının əməkdaşlığı bu 3 ölkənin müvafiq sahələri ilə əlaqələri genişləndirib", - deyə deputat bildirib.

P.Vəliyeva vurğulayıb ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin "Masdar" şirkətinin adını çəkməsi də təsadüfi deyil, bu, iki ölkə arasında qarşılıqlı səmimi münasibətlərdən xəbər verir. Əbu-Dabi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına evsahibliyi edir. Azərbaycan dünyaya sülh mesajlarını BƏƏ-dən çatdırır, taleyüklü məsələnin müzakirəsi bu ölkədə aparılır. Regionda yeni reallıqlar yaradan, üç onillik hökm sürən ədalətsizliyə son qoyaraq mövcud nizamı öz xeyrinə dəyişən Azərbaycan sülh təşəbbüskarı və tərəfdarı olaraq bu mövqedə prinsipialdır və proqnozlaşdırmaq olar ki, sülh yaxındır. 

Deputat qeyd edib ki, Azərbaycanın bu addımı bütün dünyaya və münaqişə şəraitində olan ölkələrə nümunədir. Prezident İlham Əliyevin qətiyyəti və güclü iradəsi sayəsində ərazilərimiz işğaldan azad olunduğu və hazırda dirçəldiyi kimi, bütün proseslərin davamında imzalanacaq sülhlə də Cənubi Qafqaza yeni bir dövr gələ və regionun sürətli dirçəlişi baş verə bilər.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
14
azerbaijan-news.az

1Источники