RU

Hamiləlikdən əvvəl qadınlara bu testlərdən keçmək tövsiyə olunur

Hamiləliyi planlaşdıran qadınlara bir sıra tibbi müayinələrdən keçmək tövsiyə olunur.

E-saglam.az xəbər verir ki, mama-ginekoloq, tibb elmləri namizədi Tamila Polevşçikova “Lenta.ru”ya verdiyi müsahibədə konsepsiyadan əvvəl aparılmalı əsas testləri sadalayıb.

Mütəxəssisin sözlərinə görə, hamiləlikdən əvvəl ilk növbədə vaginal axıntının və uşaqlıq boynu kanalının mikroskopik müayinəsi aparılmalıdır. Bununla yanaşı, PAP testi ilə uşaqlıq boynunda xərçəngönü dəyişikliklər və bədxassəli törəmələrin qarşısını almaq mümkündür. Eyni zamanda anemiyanı və iltihabi prosesləri aşkar etmək üçün ümumi qan analizi, daxili orqanların fəaliyyətini qiymətləndirmək üçün isə biokimyəvi qan testi vacibdir.

Həkim əlavə edib ki, konsepsiyadan əvvəl qanın laxtalanma sistemini yoxlamaq üçün koaquloqramma verilməli, həmçinin TORCH infeksiyalarına (toksoplazmoz, qızılca, sitomeqalovirus, herpes və s.) dair analizlər aparılmalıdır. Bu infeksiyalar döl üçün təhlükə yarada bildiyindən, vaxtında aşkarlanması mühüm əhəmiyyət daşıyır.

Polevşçikova həmçinin cinsi yolla ötürülən xəstəliklər üçün testlər, ümumi sidik analizi və həm qadının, həm də kişinin qan qrupu ilə Rh faktorunun təyininin vacib olduğunu bildirib. Xüsusilə Rh-mənfi qadın və Rh-müsbət kişi cütlüklərində Rh-münaqişə riski yüksək olduğundan, bu vəziyyət hamiləliyin gedişinə ciddi təsir göstərə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
22
e-saglam.az

1Источники