RU

Ürək çarpıntısı təhlükəlidirmi? Budur, bilinməyən məqamlar

Ürək çarpıntısı bir çox insanın zaman-zaman yaşadığı, lakin tez-tez nəzərə alınmayan bir haldır. Bu vəziyyət ürəyin sürətli, nizamsız və ya çox güclü döyünməsi kimi hiss olunur.

E-saglam.az xəbər verir ki, döyüntü sinədə, boğazda və ya boyunda hiss oluna bilər və adətən bir neçə saniyə ilə bir neçə dəqiqə arasında davam edir. Lakin bəzən daha uzun çəkə bilər və altında ciddi bir sağlamlıq probleminin əlaməti ola bilər.

Ürək döyüntüsü nədir?

Ürək döyüntüsü, ürəyin sürətlə, güclü və ya nizamsız şəkildə döyünməsi ilə müşayiət olunan hissdir – sanki ürək yarışır, çırpınır və ya döyüntülərini atlayır. Bəzi insanlarda bu hal panik atak və ya narahatlıqla qarışdırıla bilər. Ancaq çox hallarda bu vəziyyət zərərsiz və keçicidir.

Ürək döyüntüsünün səbəbləri

Mütəxəssislərə görə, ürək döyüntüsünün səbəbi aşağıdakılar ola bilər:

Stress və emosional vəziyyətlər – Qorxu, panik atak və ya yüksək narahatlıq.

Fiziki fəaliyyət – İdman zamanı təbii olaraq ürək döyünməsi artır.

Stimulyatorlar – Kofein, nikotin və bəzi soyuqdəymə dərmanları.

Hormon dəyişiklikləri – Hamiləlik, aybaşı dövrü, menopoz.

Yuxusuzluq, susuzluq, bədən istiliyi və elektrolit pozğunluqları.

Nə zaman təhlükəli ola bilər?

Çox vaxt zərərsiz olan bu hal bəzi hallarda ciddi vəziyyətlərin xəbərçisi ola bilər. Xüsusilə aşağıdakı vəziyyətlərdə diqqətli olmaq lazımdır:

Aritmiyalar – Ürəyin çox yavaş, çox sürətli və ya nizamsız döyünməsi.

Ürək xəstəlikləri – Ürək qapaq problemləri, infarkt keçmiş insanlar.

Tiroid pozğunluğu – Xüsusilə hiperaktiv qalxanabənzər vəzi.

Qan azlığı, şəkər düşməsi və elektrolit pozğunluğu.

Təcili yardım tələb edən əlamətlər:

Əgər ürək döyüntüsü ilə birlikdə bu simptomlar varsa, dərhal həkimə müraciət edilməlidir:

- Sinə ağrısı və ya sıxılma hissi

- Güclü təngnəfəslik

- Huşun itməsi və ya halsızlıq

- Güclü başgicəllənmə və ya qeyri-sabitlik

Ürək döyüntüsünün qarşısını almağın yolları

Kofein və nikotin kimi maddələrdən uzaq durmaq

Stres idarəsi üçün nəfəs məşqləri, meditasiya və ya yoqa

Yuxu rejimini düzəltmək və kifayət qədər su içmək

Orta səviyyəli idmanla məşğul olmaq

Hər hansı bir dərman və ya əlavə məhsul istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək.

Ürək döyüntüləri əksər hallarda təhlükəli deyil, lakin arxasında ciddi bir xəstəlik dayana bilər. Əgər tez-tez təkrarlanırsa, uzun sürürsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, bu vəziyyəti mütləq həkim qiymətləndirməlidir. Qeyri-müəyyənlik olduqda, peşəkar tibbi məsləhət ən doğru addımdır.

Qeyd: Bu yazı yalnız məlumatlandırma məqsədi daşıyır. Özünüzə diaqnoz qoymayın və dərman qəbulunu yalnız həkim tövsiyəsi ilə edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
22
e-saglam.az

1Источники