RU

NASA 2000-dən çox əməkdaşını itirə bilər

ABŞ prezidenti Donald Trampın federal qurumların büdcəsində planlaşdırdığı kəsintilərdən sonra "NASA"nın da ciddi təsirlənəcəyi iddia edilir.

Valyuta.az "Politico" nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, yaxın zamanda kosmik agentliyin ən azı 2145 nəfər təcrübəli əməkdaşı işdən ayrılacaq.
Bu əməkdaşlar arasında alimlər, tədqiqatçılar və rəhbər vəzifələrdə çalışan mütəxəssislər də var. Onların uzun illər ərzində qazandıqları təcrübə və ixtisaslaşmaları "NASA"nın gələcək planlarını birbaşa təhlükə altına ata bilər.

Ay missiyası da təsirlənə bilər

Qeyd olunur ki, ayrılan əməkdaşların 1818 nəfəri məhz elmi tədqiqatlar və kosmik uçuşlarla bağlı vəzifələrdə çalışırdı. Qalan şəxslər isə maliyyə, informasiya texnologiyaları və digər texniki sahələrdə fəaliyyət göstərirdilər.

Bu itkilər səbəbilə "NASA"nın planlaşdırdığı 2026-cı il "Artemis" Ay missiyasının da təxirə salına və ya dəyişdirilə biləcəyi istisna edilmir. İndilik bu barədə rəsmi qərar verilməyib.
Məlumata görə, işdən ayrılanlar arasında "Kennedy Kosmik Mərkəzi"ndə çalışan 311 nəfər də yer alır. Bu mərkəz "NASA"nın əsas raket buraxılış məntəqələrindən biri hesab olunur.

Rəsmi işdən çıxarılma yoxdur

"Politico" qeyd edir ki, bu, formal işdən çıxarılma prosesi deyil. Əksinə, bir çox əməkdaş Tramp administrasiyasının planlaşdırdığı büdcə kəsintilərindən sonra könüllü olaraq "NASA"dan ayrılmaq qərarı verib. Trampın "NASA"nın büdcəsini 6 milyard dollardan çox azaltmaq istədiyi bildirilir. Hələlik bu planlar rəsmi təsdiqini tapmayıb və son qərarı ABŞ Konqresi verəcək.

Ekspertlər bildirir ki, ticari kosmik uçuşlar sahəsindəki inkişaf səbəbilə bu mütəxəssislərin özəl sektorda iş tapmaları asan olacaq. Lakin bu könüllü ayrılmalar belə, "NASA"nın texnoloji potensialına və gələcək kosmik layihələrinə ciddi zərbə vura bilər.

Sərvanə Rəmixanova

Избранный
31
valyuta.az

1Источники