RU

Beynəlxalq ictimaiyyətə Xankəndi ismarıcı -ŞƏRH

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilməsi ciddi diplomatik hadisə olmaqla yanaşı, dünyaya ünvanlanmış strateji və mənəvi ismarıcdır.

Azərbaycan bu Sammitə artıq üçüncü dəfə ev sahibliyi  edirdi. Öncəki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdisə, bu dəfəki görüş Qarabağın ürəyi olan Xankəndində baş tutdu. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də Zirvədəki çıxışına bu faktla başladı:

“Bu günkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.”

Bu mənanın kökündə Qarabağın azadlığı, Azərbaycan dövlətinin iradəsi və regional güc statusunun gerçəkliyi dayanır. Son illər içində ölkəmiz ən önəmli beynəlxalq tədbirləri artıq Şuşa, Laçın və nəhayət Xankəndi kimi şəhərlərdə təşkil edir. Məsələn:

– 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası;

– 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü;

– 2025-ci ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə toplantısı və b.

Bu ardıcıllıq Azərbaycanın Qarabağ üzərində suverenliyinin yalnız siyasi və hüquqi deyil, həm də funksional şəkildə bərqərar olduğunu, işlək mexanizm yaradıldığını sübut edir.

İşğaldan azad edilən ərazilər bu gün böyük quruculuq və abadlıq prosesinin mərkəzinə çevrilib.

30 illik işğal dövründə ermənilər tarixi, mədəni, dini abidələrimizi dağıdıb, torpaqlarımızın altını da, üstünü də viran qoyub. Ona görə də, Azərbaycan dövləti uzun illərələ davam edən danışıqların artıq mənasızlaşdığını görüb, məsələni əks-hücum qərarıyla, hərb meydanınsa həll etməli oldu. Prezident İlham Əliyev çıxışında bu acı gerçəkləri beynəlxalq ictimaiyyətin diqqətinə bir daha, təsirli şəkildə çatdırdı:

“Ermənistan və onun havadarları xəbərdarlıqlarımıza məhəl qoymadı. 2020-ci ildə isə Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu…”

Mədəni vandalizm və dini təhqirin dəhşətli miqyası göz önündədir:

– 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan iki məscid isə donuz və inək tövləsi kimi istifadə olunub.

Bax, bu, təkcə Azərbaycana deyil, bütün İslam dünyasına qarşı təhqir idi.

Ermənistanın işğal dövründə törətdiyi dağıntılar nəticəsində ölkəmizə ən azı 150 milyard ABŞ dollarının üzərində zərər dəymişdir.

İndi ən böyük təhlükə isə minalar problemidir. 30 il içində bir milyondan çox mina basdırılmış, yüzlərlə soydaşımız bu minaların qurbanına çevrilmişdir. Son 5 ildə təxminən 400 nəfər mina partlayışları nəticəsində həlak olmuş və ya xəsarət almışdır.

Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

Ən çağdaş şəhər və kəndlər, yaşıl enerji layihələri, ağıllı infrastruktur modelləri bu torpaqlarda uğurla həyata keçirilir.

Bununla yanaşı, 1988-ci ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı da strateji prioritet olaraq qalır. Dövlət səviyyəsində bu məsələ üzrə diplomatik və hüquqi mexanizmlər hazırlanır və həyata keçirilir.

Beləliklə, bir daha vurğulamaq istərdim ki, Xankəndidə keçirilən ECO Zirvə görüşü, Azərbaycanın hərb meydanında olduğu kimi – sülh meydanında, iqtisadiyyatda, diplomatiyada da söz sahibi olduğunu sübut etdi.

Beləki, bu görüş dünyaya bir ismarıc idi:

– Azərbaycan bölgənin mərkəzinə çevrilib;

– Qarabağda suverenlik tam bərqərardır;

– Dünya artıq yeni gerçəkliklərlə hesablaşır.

Azərbaycanın rəhbərliyi, gəncliyi, xalqı bu yolda birləşmiş milli iradə örnəyi ortaya qoyur.

Və bu iradə ilə daha böyük qayıdışlar, daha böyük quruculuqlar, daha möhtəşəm Zirvələr uzaqda deyil.

Nihad Allahyarlı,

YAP Gənclər Birliyinin üzvü

Избранный
56
1
moderator.az

2Источники