RU

"Rusiya narazıdır, amma Zəngəzur məsələsi..." ŞƏRH

ain.az, Bakupost saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başa çatıb.

Maraqlıdır, Əbu-Dabi görüşü nə ilə diqqət çəkdi? Görüş sülh prosesində dönüş nöqtəsi olacaqmı?

Mövzu ilə bağlı politoloq Oktay Qasımov Bakupost.az -a açıqlamasında bildirib ki, bu, tərəflərin ilk birbaşa təması deyil:

“Xatırlayırsınızsa, ötən ilin oktyabr ayında Rusiyanın Kazan şəhərində BRİKS toplantısı çərçivəsində tərəflərin geniş tərkibdə görüşü olmuşdu və orada da kifayət qədər ciddi müzakirələr aparılmışdı. Mən hesab edirəm ki, həmin müzakirələr nəticəsində mart ayında sülh sazişi üzrə mətn razılaşdırıldı”.

Politoloqun fikrincə, Əbu-Dabi görüşündə diqqətçəkən məqam, tərəflərin 10 aylıq fasilədən sonra yenidən geniş heyətlə bir araya gəlməsidir:

“Artıq bu dəfə əvvəlkindən fərqli olaraq, irəliyə doğru addım atılıb, sülh müqaviləsinin mətni razılaşdırılır və tərəflərin hazırda müzakirə edəcəkləri bir çox istiqamətlər var. Hesab edirəm ki, burada ən vacib müzakirə mövzularından biri Zəngəzur dəhlizinin açılması məsələsi olacaq. Çünki sülh müqaviləsi üzrə razılıq əldə olunsa da, onun imzalanması ilə bağlı obyektiv səbəblər mövcuddur. Gedişatlar da məhz bundan qaynaqlanır. Bu da Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın şərtlərinin hələ də tam yerinə yetirilmədiyini nəzərə alsaq, bu məsələnin bu il ərzində həllini tapması çətin görünür. Ancaq Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial anlaşma əldə oluna bilər deyə düşünürəm”.

Ekspertin sözlərinə görə, Paşinyanın yaxın vaxtlarda Türkiyəyə səfəri zamanı bu məsələ də müzakirə mövzusu olub:

“Həmçinin nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları da həm Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında, həm də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, böyük ehtimalla burada dəhlizin açılması və iş rejimi prinsipləri müzakirə olunub. Azərbaycan üçün isə çox vacibdir ki, əvvəldən razılaşdırılmış qaydada Azərbaycandan Naxçıvana yol təhlükəsiz və maneəsiz olsun”.

Dəhlizin işləməsi və bu proseslərə nəzarət məsələsinə gəlincə, O.Qasımov bildirib ki, burada Rusiya ilə yanaşı, ABŞ-ın da marağı var:

“Amerikanın bir şirkəti də bu prosesdə iştirak etmək istəyir. Şübhəsiz ki, burada daha çox Ermənistanın verəcəyi qərar önəmli olacaq. Amma görünən odur ki, Ermənistan Rusiyanın dəhlizə nəzarət etməsini istəmir və çox güman ki, ABŞ variantına üstünlük verə bilər. Yəni dəhlizin statusu məsələsinin Ermənistanın suverenliyi çərçivəsində olması Azərbaycanın etiraz etdiyi məsələ deyil. Sadəcə olaraq, bizim əsas tələbimiz maneəsiz və təhlükəsiz keçidin təmin olunmasıdır”.

Politoloq qeyd edib ki, görüşün Əbu-Dabidə keçirilməsi də simvolik məna daşıyır:

“Bugünkü məkanın seçilməsi də hesab edirəm ki, kifayət qədər diqqətçəkicidir. Burada bir neçə səbəb var. Səbəblərdən biri odur ki, indiyə qədər ənənəvi vasitəçilərdən fərqli bir format təqdim olunur. Yəni indiyə qədər Moskva və Qərb formatları idi. 2023-cü ilin noyabrından etibarən isə ikitərəfli formatda görüşlər keçirilir və bu məkan artıq yeni bir mərhələ kimi simvolik məna daşıya bilər. Birləşmiş Ərəb Əmirliklərinin həm Azərbaycan, həm də Ermənistanla kifayət qədər yaxşı münasibətləri var və tərəflər bu ölkəyə etimad göstərirlər. Mümkün variantlardan biri də odur ki, Amerika Birləşmiş Ştatları görüşün Əbu-Dabidə keçirilməsində maraqlıdır. ABŞ istəyir ki, bölgədə tezliklə sülh müqaviləsi imzalansın, kommunikasiyalar açılsın və bu prosesdə Amerikanın iştirakı ön plana çıxarılsın. Hətta Donald Trampın da çox arzuladığı sülh üzrə Nobel mükafatına təqdimat məsələsi gündəmə gəlsin”.

Politoloq əlavə edib ki, Rusiya prosesin öz iradəsi və formatı xaricində aparılmasından narahatdır:

“Rusiya onun iradəsindən və formatından kənar keçirilən bütün təşəbbüslərə, yumşaq desək, qıcıqla yanaşır. Bu, onu qətiyyən məmnun etmir. Hesab edirəm ki, Ermənistana və Azərbaycana son dövrlərdə artan təzyiqlərin səbəblərindən biri də məhz budur. Amma düşünürəm ki, xüsusilə Ermənistan tərəfi qərarlı olsa, prosesdə önəmli addımlar atmaq mümkün ola bilər. Çünki Rusiyanın Azərbaycana təzyiq imkanları kifayət qədər məhduddur. Xüsusilə də daxildəki potensialı nəzərə alsaq. Ermənistanda da xeyli azalsa da, hələ müəyyən təzyiq rıçaqları qalır. Lakin görünən odur ki, Paşinyan hakimiyyəti artıq Rusiya ilə bağlı məsələlərdə müəyyən qərarlar verir və bu təzyiqlərin neytrallaşdırılması üçün addımlar atır”.

Lalə Novruz,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
www.bakupost.az

1Источники