Şuşa, 10 iyul, T.Ağaməmmədov, AZƏRTAC
Mən ABŞ-ın Kaliforniya ştatından gəlmişəm. Qarabağın işğaldan azad olunduğu vaxtdan bəri artıq dörd ildir ki, bu regiona səfər edirəm. Hər səfərimdə Qarabağda, eləcə də Şərgi Zəngəzurda aparılan quruculuq prosesinə şahidlik edirəm. Qısa müddətdə bu ərazilərdə üç hava limanının inşası, yeni infrastrukturun yaradılması çox möhtəşəm və heyranedicidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun təsisçisi Çarlz Villi deyib.
“Şuşa şəhəri çox gözəldir. Dörd il əvvəl Şuşa qalasının divarları dağılırdı, indi isə hər şey bərpa olunub. Burada fəaliyyət göstərən beşulduzlu otel də möhtəşəmdir. Mən, həmçinin öyrəndim ki, bu gün Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyi ilə görüş keçirir. Düşünürəm ki, bu görüş sülhə və regionun iqtisadi uğuruna böyük bir zəmin yaradacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli MTP beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzurda səfərdədir. Beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.