RU

Rusiya Zəngəzur dəhlizinə nəzarəti hərbi yolla ələ keçirir?- ÖZƏL

Bakıda İyulun 8-dən başlayan iki günlük  Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir. Rəsmi Moskva yaranmış fürsətdən istifadə edərək Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. BMMT sessiyasında iştirak üçün Rusiyanın FHN-nin rəhbəri Aleksandr Kurenkovun Bakıya gəldiyi deyilir. Məlumatlara görə, Kurenkov Azərbaycan dövlət rəsmiləri ilə qeyri rəsmi görüşlər keçirib Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırmağa çalışacaq.

Əvvəla qeyd edək ki, Aleksandr Kurenkov Rusiya prezidenti Vladimir Putinin şəxsi  adyutantı olub və hal-hazırda da Rusiya Təhlükəsizlik Şurasının üzvüdür. Aleksandr Kurenkovun statusu və Vladimir Putinin ona etibarı Azərbaycanla xüsusi əhəmiyyətli danışıqlar aparmağa və manevr imkanları verir. Ehtimal var ki, o Azərbaycan prezidenti İlham Əliyevə Vladimir Putinin şəxsi müraciətini çatdıracaq. Münasibətlərin normallaşması üçün Rusiyanın 25.12.2024-cü il tarixdə  Qroznıda vurduğu sərnişin təyyarəsi ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirəcəyi düşünülür. Həm də məlumatlar var ki, rəsmi Moskvanı Azərbaycanda rus dilli məktəblərin taleyi maraqlandırır. Bu günlərdə Rusiya mətbuatında verilən məlumatlara görə, Rusiya XİN-i Azərbaycanda rus dilinin təbliği ilə bağlı sosialoji tədqiqat aparmaq niyyətindədir. 

Əlbəttəki, Putin hakimiyyəti Rusiyanın Azərbaycana qarşı düşmən siyasətini dəyişmir, sadəcə olaraq vəziyyətin onun xeyrinə olmadığını və geosiyasi strateji məqsədləri üçün Azərbaycanla gərginliyi aradan götürmək məcburiyyətindədir. Ancaq paralel olaraq, Azərbaycana təzyiq siyasətindən də imtina etmir. Rusiya Ermənistanda hərbi kontingentini və texnikalarını artırmaqla bir növü Ermənistanı Azərbaycanla müharibəyə təhrik edir. Bəzi analitiklərin təhlilinə görə isə, Rusiya Ermənistanda Paşinyan hakimiyyətini hərbi yolla devirmək niyyətindədir. Təbii ki, hər iki nəticədə Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Azərbaycanla hərbi konflikt mümkün hesab edilir.

Əgər Paşinyan Azərbaycanla  sülh mahiyyətli saziş, müqavilə imzalaya bilərsə, o öz hakimiyətini qorumaq üçüb imkanlarını genişləndirə bilər. Abu-Dabudə planlaşdırılan İlham Əliyev və Nikol Paşinyan görüşünün təşkili də məhz Ermənistan və Azərbaycan arasında sülh sazişi olmasa da, müəyyən razılığın əldə olunması və Zəngəzur dəhlizinin tezliklə açılacağı ehtimalını yaradır.

Qənaətimə görə, Rusiyanın Ermənistanda, xüsusən də Gümrüdə hərbi kontingentini gücləndirməsi səbəbi Zəngəzur dəhlizi ilə bağlıdlr. Paşinyanın Türkiyə səfərindən və prezident Ərdoğanla görüşündən sonra Zəngəzur dəhlizinin açılması və dəhlizə nəzarətin ABŞ şirkətlərinə veriləcəyi haqda məlumatlar tirajlanır. Rusiya dəfələrlə elan edib ki, Moskva 10 noyabr üçtərəfli Moskva bəyannaməsini qüvvədə olduğunu bildirib. Hesab edirəm ki, əgər Zəngəzur dəhlizi açılarsa və dəhlizə nəzarətin NATO üzvlərinə keçdiyi təqdirdə, Rusiya həmin 10 noyabr üçtərəfli Moskva bəyannaməsini əsas gətirərək, Gümridə gücləndirdiyi hərbi kontingent hesabına Zəngəzur dəhlizini nəzarətə götürə bilər.

Vüqar Dadaşov

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники