Litvanın Şaulyay şəhərində keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalına iki nominasiya üzrə qatılmış “Vətən” musiqi qrupunun üzvləri hər iki kateqoriyada birincilik qazanaraq festivalın xüsusi mükafatına layiq görülüblər.
Festivala UNESCO-nun Beynəlxalq Xalq Yaradıcılığı və İncəsənət Təşkilatı, eyni zamanda, Beynəlxalq Rəqs Festivalları Federasiyası rəhbərlik edib. Ümumilikdə 41 ölkənin qatıldığı müsabiqədə Azərbaycanla yanaşı, Litva, Latviya, Portuqaliya, Serbiya, Rumıniya, Slovakiya, Şimali Makedoniya, Sloveniya, Macarıstan, İspaniya, Estoniya və digər ölkələr təmsil olunublar.
Xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağaraçı Elnur Əliyevdən ibarət qrup folklor ansamblları nominasiyası üzrə I yerin qalibi olub. Festivalın təşkilat komitəsi tərəfindən qrup üzvlərinə Litvanın milli musiqi aləti hədiyyə edilib. Onlar, həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər. Tarzən Ruslan Zərbəliyev isə instrumental ifa nominasiyasında fərdi çıxış edərək qalib olub, diplom və pul mükafatı ilə təltif edilib.
Müsabiqədən sonra “Vətən” musiqi qrupu Litvanın Siauliai, Zarenai və Meskuicay şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Qrup üzvləri konsertlər zamanı tamaşaçıları yerli dildə salamlayıb, Litvanın Dövlət Himnini Azərbaycan milli musiqi alətlərində ifa edib və Azərbaycan xalq rəqslərini yerli iştirakçılara öyrədiblər. Musiqiçilərimizin çıxışları izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Festival zamanı keçirilən parad və yürüşlərdə də iştirak edən “Vətən” musiqi qrupu Azərbaycan bayrağını ön sıralarda dalğalandırıb. Həmçinin Azərbaycan bayrağı 7 gün ərzində Şiauliai şəhərinin mərkəzi küçəsində dalğalandırılıb.
Bundan əlavə, qrup üzvləri şəhərin meri ilə də görüşüblər. Görüş zamanı musiqiçilərimiz milli musiqi alətlərindən ibarət hədiyyələri merə və festival komitəsinin sədrinə təqdim ediblər.
Sonra Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən Azərbaycan səfirliyi ziyarət olunub. Orada Azərbaycan Respublikasının Litvadakı səfiri Tamerlan Qarayevlə görüş keçirilib. Səfir musiqiçilərimizi təbrik edib, onlara sənət fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.
XQ