RU

Azərbaycan sənayesinin yeni ünvanı

Ağdam Sənaye Parkında lift də istehsal olunacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri ölkənin sosial-iqtisadi inkişafına əlavə təkan verməkdə davam edir. Bu baxımdan Ağdam Sənaye Parkı xüsusi əhəmiyyətə malikdir. Parkın qurulması həm regionun iqtisadi potensialını işə salmağa, həm də yerli əhalinin məşğulluq imkanlarını genişləndirməyə xidmət edir.

Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə tarix və mədəniyyətin deyil, həm də iqtisadi inkişafın yeni ünvanına çevrilir. Bir zamanlar işğal altında qalan bu ərazilərdə indi iqtisadiyyatın, o cümlədən aqrar sektorun dirçəliş səsi eşidilir, quruculuq nəfəsi duyulur. Dövlət burada fəaliyyət göstərən iş adamlarına güclü dəstək verir, onları yeni imkanlarla təmin edir. Ərazidə yaradılan hər iki sənaye parkında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün mühüm güzəşt və imtiyazlar tətbiq olunur. Ona görə də sənaye parkına iş adamlarının marağı getdikcə artır. Bu hesaba sürətlənən dirçəlişin daha bir nümunəsi Azərbaycan-Çin tərəfdaşlığı çərçivəsində atılan yeni addımdır. Bu günlər "Fujiai Azerbaijan" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Beynəlxalq tərəfdaşlıq əsasında parkın 1 hektarlıq ərazisində müasir lift istehsalı müəssisəsi inşa ediləcək. Ümumi investisiya dəyəri 3,7 milyon manat olan layihə təkcə texnologiyanın və istehsalın inkişafını özündə ehtiva etmir, həm də azad edilmiş torpaqlarda iqtisadi həyatın nə qədər sürətlə canlandığını göstərir.  Müəssisədə Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək. İllik istehsal gücü 1200 lift olacaq zavod regionda müasir texnoloji məhsulların istehsalına yönəlik ilk nümunələrdən biridir. Bu isə həm yerli tələbatın ödənilməsi, həm də ixrac potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Özü də bu, hələ  başlanğıcdır. Şirkət gələcəkdə eskalator istehsalı üzrə ikinci bir layihəni də həyata keçirməyi planlaşdırır ki, bu da Ağdamın təkcə kənd təsərrüfatı və tikinti yox, həm də texnoloji istehsal mərkəzinə çevriləcəyini göstərir.

Bütün bu imkanlar həm də ona dəlalət edir ki, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq sadəcə biznes qurmaq deyil, eyni zamanda tarixi missiyanın iştirakçısı olmaqdır. Bu torpaqlarda atılan hər addım, qurulan hər müəssisə, verilən hər qərar Azərbaycanın gələcəyinə hesablann yeni səhifədir. 5 il öncə ruhlar şəhəri adlanan Ağdam bu gün dirçələn, ayağa qalxan, yenidən nəfəs alan şəhərə çevrilir. İllərlə düşmənin tapdağı altında qalmış, yerlə yeksan edilmiş şəhər artıq öz doğmalarını qucaqlamağa, əvvəlki şöhrətini yenidən bərpa etməyə başlayıb. Ağdamda çəkilən yol, tikilən bina, salınan hər bir sənaye sahəsi yalnız fiziki yenilənmə deyil, həmçinin mənəvi qayıdışın və milli ruhun təntənəsidir. Bu dirçəliş təkcə bizim deyil, artıq dünyanın da diqqət mərkəzindədir.

Azərbaycanın azad edilmiş ərazilərində baş verən bu möhtəşəm inkişaf prosesi beynəlxalq ictimaiyyət tərəfindən də maraq və təqdirlə izlənilir. Qarabağın haqq səsi bu dəfə silah səsləri ilə yox, quruculuqla, inkişafla, yüksəlişlə eşidilir. Dəyişimin şahidi olmaq istəyənlər isə bir-birinin ardınca Qarabağa və Şərqi Zəngəzura səfər edirlər. Bu günlər Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin Ağdama səfər edərək, burada görülən genişmiqyaslı bərpa və sənayeləşmə işləri ilə yerində tanış olmaları da fikrimizi təsdiq edir.

Səfər çərçivəsində ECO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, nazirlər və nümayəndə heyətləri Ağdam Sənaye Parkı ilə yaxından tanış olublar. ECO ölkələrini təmsil edən iş adamlarına işğaldan azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərin iqtisadi potensialının reallaşdırılması Azərbaycanın əsas hədəflərindəndir. Bu məqsədlə dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Onlara parkın ümumi planı, hazırda fəaliyyət göstərən müəssisələr, nəzərdə tutulan investisiya layihələri və bölgənin iqtisadi gələcəyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, parkın ərazisində artıq bir sıra müəssisələr fəaliyyət göstərir. Qeyd olunub ki, strateji baxımdan əlverişli coğrafi mövqedə yerləşən və 190 hektarlıq sahəni əhatə edən park bu gün ölkə sənayesinin yeni inkişaf ünvanına  çevrilib. Artıq parkın 70 faizindən çoxu sahibkarların istifadəsinə verilib. Bu, sənaye parkına investor marağının  nə qədər çox olduğunun göstəricisidir.

Səfər iştirakçıları Ağdam Sənaye Parkının qısa müddətdə əldə etdiyi uğurlara böyük maraq göstəriblər. Onlar bu modelin region ölkələri üçün də nümunəvi təcrübə ola biləcəyini qeyd ediblər. Həmçinin bəzi üzv dövlətlərdən olan nümayəndələr gələcəkdə Ağdamda investisiya layihələrində iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bu, Ağdamın artıq təkcə bir şəhər deyil, həm də əməkdaşlığın, inkişafa olan inamın və yenidən doğulan Qarabağın simvolu olduğunun göstəricisidir. 

Əslində bu səfər təkcə tanışlıq xarakteri daşımırdı, o həm də mesaj verirdi - işğaldan azad edilmiş torpaqlar artıq beynəlxalq iqtisadi əməkdaşlığın yeni platformasına çevrilir. ECO kimi nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin Ağdama səfəri bu baxımdan xüsusi məna daşıyır. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədlərindən biri üzv ölkələr arasında ticarət, sənaye və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirməkdir. Ağdamda görülən işlər isə bu əməkdaşlığın konkret nümunəsi ola biləcək miqyasda həyata keçirilir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Избранный
36
azerbaijan-news.az

1Источники