RU

"Zəngəzur dəhlizi türk dünyasını birləşdirən arteriyaya, bir dəyər zəncirinə çevriləcək"

"Zəngəzur dəhlizi həm regional, həm də qlobal əhəmiyyət kəsb edən bir layihədir. Ümumiyyətlə, bu dəhlizin əhəmiyyətini, mahiyyətini bir neçə aspektdən dəyərləndirmək daha doğru olar".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov deyib. Onun sözlərinə görə, ilk növbədə Zəngəzur dəhlizi ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısını təmin etməklə, Naxçıvanın uzun illər blokadada olması, Azərbaycanın əsas hissəsindən ayrı düşməsi kimi problemləri aradan qaldıracaq: "İkinci tərəfdən, bu dəhliz işğaldan azad olunmuş ərazilərin inkişafı baxımından önəmlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlət başçısı tərəfindən "yaşıl enerji" zonası elan edilib. İşğaldan azad edilmiş ərazilərdə olan "yaşıl enerji" ehtiyatlarının Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropa bazarına çıxışı mümkündür ki, bu da dəhlizin əhəmiyyətini bir daha qabardır. Dəhliz işğaldan azad olunmuş ərazilərdən yalnız "yaşıl enerji" məhsullarının ixrac edilməsi baxımından deyil, ümumilikdə regionun inkişafı baxımından önəmlidir".

A.Əsədovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Orta dəhlizin daşıma gücünün illik 10-12 milyon ton artmasına imkan verəcək: "Ona görə ki, bu dəhliz Çindən gələn yüklərin Azərbaycan-Gürcüstan-Türkiyə üzərindən Avropaya çıxış marşrutuna alternativ olaraq Naxçıvandan keçməklə qardaş ölkə üzərindən Avropaya çatdırılmanı təmin edəcək". 

Şöbə müdiri bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat potensialı imkanlarını daha da genişləndirəcək: "Zəngəzur dəhlizi həmçinin Türk Dövlətləri Təşkilatını birləşdirən bir xətt olacaq, çünki Orta dəhlizin əhatə etdiyi təşkilat artıq Zəngəzur dəhlizindən Türkiyəyə keçməklə bağlantı yaratmış olacaq. Başqa sözlə, Zəngəzur dəhlizi Orta dəhlizə inteqrasiya olunmaqla türk dövlətlərini birləşdirən arteriyaya, bir dəyər zəncirinə çevriləcək. Dəhliz üzərində yerləşən ayrı-ayrı ölkələr bu dəyərin formalaşmasına istər emal, istər qablaşdırma, istərsə də saxlama və yolasalma xidmətləri ilə öz qatqılarını verəcəklər. Yəni Zəngəzur dəhlizinə həm işğaldan azad olunmuş ərazilərin enerji imkanlarının dünya bazarlarına çıxarılması istiqaməti kimi, həm Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan məhsulların daha geniş bazarlara çatdırılması, o cümlədən Naxçıvan-Türkiyə üzərindən Avropaya ixrac edilməsi imkanları kontekstindən yanaşmalıyıq". 

Ermənilərin havadarları vasitəsilə zaman-zaman Azərbaycan torpaqlarını bu və digər formada özününküləşdirməyə çalışdığını vurğulayan A.Əsədov xatırladıb ki, Zəngəzur deyilən ərazi də Azərbaycana məxsus tarixi torpaqlardır: "Zəngəzur dəhlizinin açılması həm də Azərbaycanın tarixi ərazilərdən istifadə hüququnun bərpa olunması deməkdir, yəni Azərbaycan o ərazilərdən yoxlamalara məruz qalmadan, tam maneəsiz şəkildə Naxçıvana gediş-gəlişi təmin edəcək". 

Şöbə müdiri qeyd edib ki, bu dəhliz yalnız region ölkələri üçün deyil, ümumilikdə dünyanın marağında olan layihə kimi diqqəti cəlb edir. "İstər Avropa dövlətləri, istər dünyanın yük mərkəzi olan Çin, istərsə də okeanın o tayından ABŞ Zəngəzur dəhlizini, Orta dəhlizi dəstəkləyir. Bunlar dünya dövlətlərinin inkişafını, onların regional və qlobal inteqrasiyasını təmin edən nəqliyyat layihələridir. Nəqliyyat layihələri nə qədər çox olarsa, dövlətlər bu layihələr vasitəsilə bir-birinə nə qədər bağlı olarsa, bu, ölkələr arasında iqtisadi inteqrasiyanı, ticarət münasibətlərini daha da inkişaf etdirər. Nəticədə həm ayrı-ayrı ölkələrin malik olduğu resurs üstünlüklərinin bərabər paylanması təmin olunar, ümumilikdə ölkələrin iqtisadi tərəqqisi reallaşar. Həmçinin ABŞ şirkətləri bu dəhliz üzərindən "yaşıl enerji" imkanlarının Avropaya nəqli ilə bağlı investisiya qoymaq arzusundadır. Bu məsələlər də "yaşıl enerji" məkanı kimi işğaldan azad olunmuş ərazilərin əhəmiyyətini ifadə edir", - deyə o, əlavə edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
46
azerbaijan-news.az

1Источники