Yay aylarında insanlar istirahət üçün ən çox dənizə üz tutur. Günəş altında qaralmağa, yəni “zaqar” almağa üstünlük verənlər az deyil. Lakin günəşin altında uzun müddət qalmaq dəridə yanıq və qızartı ilə nəticələnə bilər. Xüsusilə dəniz suyunun duzu günəş şüaları ilə birləşdikdə, dəri daha tez zədələnir. Metbuat.az-ın məlumatına görə, günəş dənizdən sonra dərinizdə yanıq yaradıbsa, ilk olaraq soyuq su ilə duş almaq tövsiyə olunur. Bu, dərinin temperaturunu aşağı salaraq ağrını azalda bilər. Yanmış nahiyəyə nəmləndirici və ya aloe vera tərkibli gel çəkmək də sakitləşdirici təsir göstərir. Həmçinin bol maye qəbul etmək də vacibdir. Çünki su bədənin nəm balansını bərpa etməyə kömək edir. Əgər dəridə qabarcıqlar yaranıbsa və ya ağrı səviyyəsi yüksəkdirsə, bu zaman dermatoloqa müraciət etmək zəruridir. Qeyd edək ki, günəş şüaları həm dəriyə, həm də sağlamlığa ciddi ziyan verə bilər. Ona görə də çimərlikdə olarkən qoruyucu kremdən istifadə etmək və günəşin ən aktiv olduğu saatlarda, yəni 12:00–16:00 arasında birbaşa günəş altında qalmaqdan çəkinmək tövsiyə olunur. Sevinc İbrahimzadə / Metbuat.az